Amnesty International: Tofiq Yaqublu vicdan məhbusudur

"Tofiq Yaqublu vicdan məhbusudur və onun azadlıqdan məhrum edilməsi Azərbaycan hakimiyyətinin siyasi müxalifətə, ölkədə söz azadlığına qarşı təzyiqlərinə növbəti nümunədir."

Bu barədə Amnesty International Təşkilatının Cənubi Qafqaz tədqiqatçısı Natalya Nozadzenin Tofiq Yaqublunun 4,3 il həbsə məhkum edilməsi ilə bağlı münasibətində deyilir.

Onun sözlərinə görə, Tofiq Yaqublu Prezident İlham Əliyev hakimiyyətinin qanunsuz idarəçiliyinə qarşı çıxdığına görə illərdir təqib və təzyiqlərə məruz qalır.

Amnesty International

“Azərbaycan hakimiyyəti Tofiq Yaqublunun dərhal və qeyd-şərtsiz azad edilməsi məqsədilə onun barəsində həbs qərarına təcili olaraq yenidən baxmalıdır,“ o bildirib.

Freedom House: Yaqublu və siyasi motivlərlə həbs olunanlar sərbəst buraxılmalıdır

Freedom House təşkilatı da müxalifət funksioneri Tofiq Yaqublunun həbsinə münasibət bildirib.

"Tofiq Yaqublu və siyasi motivli ittihamlarla həbs olunan digər onlarla vətəndaş sərbəst buraxılmalı və onlara qarşı ittihamlar ləğv edilməlidir," Freedom Housun-un bəyanatında deyilir.

Freedom House

"Yaqublunun işi, hökumət tənqidçilərinə qarşı gücləndirilmiş bir təzyiqin və hakimiyyətin söz azadlığına, qanunun aliliyinə açıq şəkildə məhəl qoymadığının göstəricisidir. Azərbaycan hakimiyyəti COVİD-19 pandemiyası və bununla əlaqəli məhdudiyyətlərdən müxalifləri susdurmaq və təqib etmək üçün bir fürsət kimi açıq şəkildə istifadə edir. Yaqublu və siyasi motivli ittihamlarla həbs olunan digər onlarla vətəndaş sərbəst buraxılmalı və onlara qarşı ittihamlar ləğv edilməlidir,” Freedom House-un Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt deyib.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

SEE ALSO: Giorgi Qogia: "Tofiq Yaqublu dərhal azad edilməlidir"

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib..

Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.