Amnesty International: 2015-ci ildə dünyada edam halları artıb

Keçən il son 25 ildə dünya ölkələrində ən çox insanın edam olunduğu il olub.

Amnesty International-ın açıqladığı bəyanatda deyilir ki, 2015-ci ildə təxminən 1634 nəfər edam edilib. Bu ondan əvvəlki illə müqayisədə 54 faiz çoxdur və insan haqlarını müdafiə təşkilatının 1989-cu ildən bəri qeydə aldığı ən yüksək rəqəmdir.

Edamların ən çox icra edildiyi üç ölkə İran, Pakistan və Səudiyyə Ərəbistanıdır. Qeydə alınmış ölüm hallarının 90 faizi bu ölkələrin payına düşür.

“Pakistanda terrorçuluqla əlaqədar, zorakı cinayətlər kimi izahat verilir, lakin İranda da eyni vəziyyəti müşahidə etmək olar. Amma sonra kimlərin edam edildiyinə nəzər yetirdikdə görürük ki, məsələn, Pakistanda edam edilənlərin əksəriyyəti terror hücumları ilə əlaqəsi olan adamlar deyil. İranda ekstremizm və terrorizmə qarşı mübarizədən əslində dissidentləri əhdəf almaq üçün bəhanə kimi istifadə edilir. Ona görə də biz ölkələrin nə etdikləri və nə etdikləri haqda nə deməsinə diqqət yetirməliyik.” – deyə Amnesty International-ın Qlobal Məsələlər və Tədqiqatlar üzrə direktoru Audri Qauqran bildirib.

Məlumatda bildirilir ki, dərin narahatlığa səbəb olan bu rəqəmlər Çin hökuməti tərəfindən tətbiq edilən edam hallarını əhatə etmir. Burada minlərlə insanın edam edildiyi ehtimal edilsə də ölüm cəzası dövlət sirri olaraq qalır.

Belarus edam cəzasının tətbiq edildiyi yeganə Avropa ölkəsidir. Vyetnamda isə edam hallarının sayı açıqlanmır.

Amerika qitəsində edam cəzasını tətbiq edən yeganə ölkə olan Birləşmiş Ştatların altı ştatında 28 edam həyata keçirilib. Bu, 1991-ci ildən bəri ən aşağı rəqəm hesab edilir.

İlk dəfə olaraq dünya ölkələrinin əksəriyyəti, yəni 102 ölkə ölüm cəzasını ləğv edib. 2015-ci ildə Madaqaskar, Konqo Respublikası və Surinam ölüm cəzasına qadağa qoyan ölkələr sırasına qoşulub.