Azərbaycan Milli Hərəkatının fəalı Əmir Səttari 3 aylıq həbs cəzasını çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
HRA xəbər agentliyinin və bölgədəki insan haqları fəallarının verdiyi məlumata görə, Təbrizdə yaşayan milli fəal və keçmiş siyasi məhbus Əmir Səttari Rəuf yanvarın 17-də, 91 günlük həbs cəzasını çəkmək üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
Onun həbs hökmü İranın cənubundakı ərəb icmasının etirazlarına dəstək məqsədilə Təbrizdə iyulun 24-də keçirilən etiraz aksiyası zamanı tutulması ilə əlaqədar olub. O, 2021-ci il iyulun 22-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Təbrizdə keçirilən bu etirazlarda çox sayda azərbaycanlı milli fəal İranın cənubunda ərəb icmasının su böhranına qarşı etirazlarına dəstək verdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
SEE ALSO: Təbrizdə Apellyasiya Məhkəməsi Əmir Səttarinin hökmünü qüvvədə saxlayıbCənab Səttari Təbriz Cəza Məhkəməsinin 111-ci şöbəsi tərəfindən "kiber məkanda telekommunikasiya sistemləri vasitəsilə insanları zorakılıq hərəkətlərinə təhrik və dəvət etmək" ittihamı ilə 91 gün həbs və 4 milyon tümən pul cəzasına məhkum edilib. Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə salxlayıb.
İranda bəzi ərəb və türk fəallar hesab edirlər ki, İran hökuməti Azərbaycan və Əhvaz bölgələrinin su ehtiyatlarını düzgün idarə etmir. Ərəb fəalları deyirlər ki, Xuzistan vilayətinin su ehtiyatları mərkəzi vilayətlərə ötürülür və sənaye məqsədləri üçün istifadə olunur. 2021-ci ilin yayında Xuzistan vilayətində və bu bölgənin ərəblərin məskunlaşdığı ərazilərində su böhranı səbəbindən səhv idarəçiliyə görə bir çox kənd təsərrüfatı işçisi əhəmiyyətli itkilərə məruz qalıb.
Həmin yay İranın ərəblərin məskunlaşdığı ərazilərində etirazlar iki həftədən çox davam etdi və ardından Təbrizdə etiraz mitinqi keçirildi. Bu etiraz mitinqi Təbrizdə keçirilməzdən əvvəl bir çox milli fəal, o cümlədən Əmir Səttari öz iş yerində və ya şəxsi evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilirdi.