"Amerikanın qlobal idealları təhlükədədir"

Freedom House-un keçirdiyi rəy sorğularına görə, amerikalıların 71 faizi hökumətin digər ölkələrdə demokratiya və insan hüquqlarını dəstəkləməsinin vacib olduğunu hesab edir.

Lakin təşkilat hesab edir ki, ABŞ-ın qlobal səviyyədə demokratiyanın inkişafına dair öhdəliyə Donald Trampın ritorikası və əməlləri kölgə salıb. Prezidentin ədliyyə sistemi və mətbuata qarşı mövqeyi, müxalifətin seçki saxtakarlığına dair iddiaları xarici avtokratların taktikalarından fərqlənmir, deyə hesabatda vurğulanır.

Trampın ədliyyə sistemi və mətbuata qarşı mövqeyi, müxalifətin seçki saxtakarlığına dair iddiaları xarici avtokratların taktikalarından fərqlənmir.

"Prezidentin Amerikanın ənənəvi tərəfdaşları ilə açıq ədavəti və qlobal təhlükəsizliyi illərdir təmin edən beynəlxalq müdafiə sazişlərini dəstəkləməməsi digər liderləri də ürəkləndirib," hesabatda qeyd olunur.

ABŞ-ın sabiq müdafiə naziri Cim Mattis istefa məktubunda qeyd etmişdi ki, Amerika azad dünyada əvəzolunmaz rol oynamasına baxmayaraq, güclü müttəfiqləri və tərəfdaşlarına ehtiram göstərməməsi maraqlarımızın müdafiəsini imkansız edəcək.

Tramp isə demokratik dəyərlərin təbliğindən imtina etməklə, buna qarşı olanları daha da ruhlandırır, hesabat bildirir

Onun bəzi ən qəddar diktatorlarla bağlı bəlağətli ifadələri bunu daha da gücləndirir.

Helsinkidə Tramp-Putin sammitində ABŞ prezidentinin çıxışı yerli mediada sərt tənqidlərlə qarşılanmışdı.

Trampın Helsinki sammitində Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsinə dair öz kəşfiyyat agentliklərinin deyil, Rusiya prezidenti Vladimir Putinin sözlərini qəbul etməsi buna bariz nümunədir.

Prezidentin retorikaları demokratik təsisatlarının müdafiəsində zəif gücə malik olan ölkələrdə də əks-səda doğurub.

Məsələn, Kambocanın dəmirəlli lideri Hun Sen ötən yay bir partiyanın iştirakı ilə seçkilər təşkil edib,əsas müxalifət partiyasını seçkilərdən uzaqlaşdırıb, müstəqil mətbuatı susdurub. O, Trampla ortaq fikri bölüşdüyünü vurğulayıb.

“Donald Tramp mətbuatın anarxiya dəstəsi olduğunu başa düşür” deyə o bildirib.

Polşanın məhkəmələrin müstəqilliyini əlindən alan, mətbuatı nəzarətinə götürən prezidenti isə Trampın “saxta xəbərlər”lə mübarizə səylərini alqışlayıb.