Amerikana: Böyük şəhərlərin böyük problemi - Evsizlər [Video]

Your browser doesn’t support HTML5

Amerikana: Böyük şəhərlərin böyük problemi - Evsizlər

Hüquq müdafiəçiləri Vaşinqtonda evsizlərin artmasını qiymətlərin qalxması ilə əlaqələndirir
ABŞ paytaxtı Vaşinqton şəhərində evsiz ailələri üçün təşkil edilən sığınacaqların sayı yola saldığımız qış fəslində iki dəfə artıb. Bu, tələb olunan 10 faizlik artımdan dəfələrlə çoxdur. Bu artım bir çox rəsminin təəccübünə səbəb olsa da, evsizlərin hüquqlarının müdafiəçilərini deyir ki, bu, əvvəlcədən gözlənilməli idi. Onlar bunu ABŞ paytaxtında qiymətlərin qalxması ilə əlaqələndirir.

CityCenterDC – Vaşinqtonun mərkəzində multimilyon dollarlıq layihə. Sürətlə inkişaf edən şəhərə hər ay 1000-dən çox daimi sakin köçür. Ancaq bəziləri deyir ki, tikinti layihələrinin şəhərin yoxsul təbəqəsinə heç bir aidiyyəti yoxdur

Onlar arasında bir ildir evsiz olan Donnel Harris, xanımı Stefani Vilyams və iki uşağı var.

“Öz kirayə evimiz var idi. İşimi itirdim, aylıq ödənişlər kəllə-çarxa çıxdı. Evdən çıxmalı olduq. Çox ağır idi. Haradasa gecələmək və uşaqlara yemək almaq və qızımı məktəbə aparmaq üçün pul qazanmağa çalışıram” - deyə Donnel Harris bildirir.

Vaşinqton DC qanunları temperatur mənfiyə düşəndə evsizləri sığınacaqlarla təmin etməyi hökumətdən tələb edir. DC Şəhər Şurası bildirib ki, köhnə xəstəxana kompleksindəki ailə sığınacaqları qışın əvvəlində artıq tam dolduğundan şəhər rəsmiləri 400-dən çox motel otağı kirayələməli olub.

Harrisin ailəsi də daxil olmaqla, bəzi ailələr ictimai idman-əyləncə mərkəzlərində məskunlaşıb. Onlar ayırıcılarla ayrılan otaqlarda mobil çarpayılarda gecələyir. Ailələr hər səhər mərkəzi tərk etməli və yenidən müraciət etmək üçün saatlarla növbəyə dayanmalıdır. O da yalnız şaxtalı havalarda …

Bu yaxınlarda məhkəmə qərar çıxarıb ki, administrasiya ailələri belə mərkəzlərdə yerləşdirməyi dayandırmalıdır. Hakim belə təcrübələrin uşaqlara ciddi ziyan vurduğunu bildirib.

Evsizlər Üçün Vaşinqton Hüquq Məsləhətxanasının icraçı direktoru Petti Mullahi Fuger deyir ki, vəziyyətə hazır olmaq lazım idi. O, bütün icmanı problemin həllinə çalışmamaqda günahlandırır: “Sığınacaq üçün müraciət edən bu ailələr artıq ev bazarında ödənişlərin öhdəsində gələ bilməyənlərdir. İndi onların vəziyyəti daha da ağırdır.”

Vaşinqtonun Maliyyə Siyasəti İnstitutuna əsasən şəhər son 10 ildə az təminatlılar üçün icarə verilən evlərin 50 faizini, satış qiyməti aşağı olan evlərin isə 72 faizi itirib. Evlərin qiymətləri qalxsa da, insanların gəlirləri müvafiq olaraq yüksəlməyib.

Şəhərin meri Vinsent Qrey münasib evlərin inşasına əlavə 100 milyon dollar yatırım qoyulacağına söz verib. Keçən il isə o, 2020-ci ilədək 10 min mənzilin tikintisi və qorunması üçün 187 milyon dollar ayrıldığını bəyan etmişdi.

Ancaq Sosial Xidmətlər Komitəsinin sədri və Şəhər Şurasının üzvü Cim Qraham deyir ki, şəhər daha çox iş görməlidir. O, xəbərdarlıq edir ki, evsiz ailələrin problemləri həll edilməsə, nəticələri ağır ola bilər: “Çünki, biz əkdiyimizi biçirik. İndi biz uşaqlarımız üçün nə əkirik? İnkişaf, təhsil problemi, cinayət … qalanını siz deyin. "

Vaşinqtonun Humanitar Xidmətlər Departamentindən sığınacaqları ziyarət etməklə bağlı sorğumuz cavabsız qaldı. Departamentin direktoru həmçinin bu il evsizlərin sayının artmasının səbəbinə dair sualımızı da cavabsız qoydu.

Bununla yanaşı, şaxtalı qış mövsümünün başa çatması səbəbilə Donnel Harris və ailə üzvləri artıq sığınacaqla təmin edilməyəcək. Vaşinqtonluların bir neçə aydır səbirsizliklə gözlədiyi mülayim havalar belə ailələr üçün yalnız əlavə problemlər yaradacaq.

“Biz burada günbəgün yaşayırıq. Nə versələr, razılaşmalıyıq. Əgər sabah pul verməsələr, bilmirəm nə edəcəyik. Çox qəlizdir. Çox ağırdır” - deyə Donnel Harrisin həyat yoldaşı Stefani Vilyams bildirir.