Amerikana - ABŞ-da Çin şəhərcikləri

Your browser doesn’t support HTML5

Amerikana - ABŞ-da Çin şəhərcikləri

Ölkənin ən tarixi və ən böyük Çin şəhərcikləri San Fransisko, Nyu-York, Honolulu və Çikaqo şəhərlərindədi
Birləşmiş Ştatlara ilk kütləvi mühacirət 1840-cı illərdə başlayıb. Avropadan mühacirlər Amerikanın Atlantik Okean sahillərinə, Asiyadan isə Sakit Okean sahillərinə gəlirdilər. Asiyadan gələnlərin böyük əksəriyyətini çinlilər təşkil edirdi və onlar uzun illər eyni məhəllələrdə məskən salaraq Çin şəhərcikləri yaratmışdılar.

Vaşinqtonun qədim Çin şəhərciyi cəmi bir neçə küçəni əhatə etsə də, Vaşinqtonluların və şəhərin qonaqlarının ən çox ziyarət etdiyi yerlərdəndir. Bura əvvəllər daha tarixi bir yer idi, ancaq Vaşinqtonun burada yerləşən məhşur Verizon mərkəzində aparılan yenidənqurma işlərindən sonra məhəllədə drammatik dəyişikliklər nəzərə çarpmağa başlayıb.

Tarixən çinlilər Amerikanın şərq sahillərinə 1870-ci illərdən mühacirət etməyə başlayıb. Buna səbəb Koreya və Vyetnam müharibəsinin yaratdığı regional şərait, eləcə də ABŞ-da bacarıqlı işçilərə olan tələbat idi.

2010-cu ilin göstəricilərinı görə Birləşmiş Ştatlarda 3.8 milyon çinli amerikalı yaşayır. Ölkənin ən tarixi və ən böyük Çin şəhərcikləri San Fransisko, Nyu-York, Honolulu və Çikaqo şəhərlərindədir. Paytaxtdakı Chinatown böyük olmasa da, onu qədimiliyi baxımdan bu siyahıya daxil etmək olar.

Çəkiliş apardığımız Chinatown Vaşinqtonda 7-ci küçə ilə H küçəsinin kəsişməsində yerləşir. Chinatown çinlilərlə yanaşı amerikalıların da sevimli yerlərindəndir. Burada çalışanlar da var, turistlər də və hətta Vaşinqtonu reklam edənlər də...

Adətə görə burada olan bütün bizneslərin – hətta Amerika şirkətlərinin adları da həm ingilis dilində, həm də çin heroqlifləri ilə yazılmalıdır. Burada tez-tez çin mədəniyyətinə aid ictimai tədbirlər də keçirilir.

Çin şəhərciyini ABŞ-ın başqa şəhərlərindən olan turistlər də ziyarət edir. Yerli sakinlər isə Çin şəhərciyinin gündən günə kiçildiyini deyir: "Mən yaxınlıqda çalışıram. Buraya yemək-yeməyə və ya istirahət etməyə gəlirəm. Bura haqda onu bilirəm ki, əvvəllər Chinatown Vaşinqtonun ayrı yerində olub. İndi daha da kiçikdir".

TARİXƏ NƏZƏR
1968-ci ildə paytaxtın mərkəzində baş vermiş iğtişaşlara görə, çoxsaylı çinli və onlara məxsus bizneslər əvvəl böyük olan bu şəhərcikdən Vaşinqtonun ətrafındakı daha təhlükəsizlik yerlərə köçmüşdü. Hazırkı Çin şəhərciyi başqa bir tarixi arzuolunmaz məkana ev sahibliyi edir. Beləki 1865-ci ildə sui-qəsdçilər ABŞ prezidenti Abraham Linkolnun oğurlanması planını burada hazırlayıb.

Hazırda Vaşinqtondakı Chinatownda çinlilərə məxsus çoxsaylı dükanlar, ofislər və 10-dan çox restoran var.

Restoranlarda Çin ornamentləri zövq oxşayır. Menyuda da yeməklər həm heroqliflərlə, həm də ingilis dilində yazılıb. Qiymətlər də müştərilərin cibinə uyğundur.

Ümumiyyətlə, amerikalılar Çin mətbəxini çox sevir. Pekin Qurme restoranına Chinatownda yerləşməsə də, Amerikanın bir çox prezidentləri Vaşinqton yaxınlığındakı bu restoranının qonağı olub.