Amerikalılar səslərin hesablanması davam etdikcə seçkinin nəticələrini gözləyir

Your browser doesn’t support HTML5

ABŞ prezident seçkilərində səsvermə bitdikdən sonra amerikalılar səslərin son hesablanmasını gözləməkdə davam edirlər. Hazırda bütün diqqətlər nəticələrin olduqca yaxın olduğu gərgin rəqabətin getdiyi bir neçə ştata yönəlib. Bu ştatlarda yekun nəticələrə əsasən Demokrat namizəd, keçmiş vitse-prezident Co Bayden və hazırkı Respublikaçı prezident Donald Tramp arasında prezidentlik uğrunda mübarizədə qalib müəyyən edilə bilər.

Bütün ölkə qalibin kim olduğu haqda xəbərləri gözləməkdə davam etdiyi zaman New Yorkda hər bir səsin sayılması tələb edilir.

Gərgin rəqabətin getdiyi Pensilvaniya ştatı da daxil olmaqla, ölkə boyu insanlar narahatdırlar.

Monik, Filadelfiya sakini:

“Pozitiv olmağa çalışaraq, bunun dinc yolla bitəcəyinə ümid edirəm."

Bir neçə mühüm ştatda səslərin hesablanması hələ davam edir. Lakin Co Bayden prezident Trampın dörd il əvvəl qələbə çaldığı Miçiqan və Viskonsin ştatlarındə qalib elan edildikdən sonra o, qələbə üçün Seçki Kollegiyasının tələb olunan minimum 270 səsi alacağına inandığını bildirib.

Demokrat namizəd Co Bayden:

"Mən qalib gəldiyimizi elan etmək üçün deyil, səslərin hesablanması bitdikdən sonra qalib gələcəyimizə inandığımızı bildirmək üçün buradayam."

Ənənəvi olaraq respublikaçı ştat olan Corciya Baydenin şəhərlər və şəhərətrafı bölgələrdə seçicilərin daha güclü dəstəyini alması nəticəsində ona qələbə gətirə biləcək gərgin rəqabətin getdiyi ştatlardan biridir.

Səslərin hesablanması davam edərkən prezident Tramp çərşənbə günü Twitter səhifəsində Pensilvaniya, Corciya, Şimali Karolina və Miçiqanda qələbə qazandığını iddia etdiyini bildirib. Twitter bunu "yanlışlıq" yarada biləcək iddia kimi qeyd edib.

Trampın seçki kampaniyası Respublikaçıların prosesə nəzarət etmək üçün lazımi imkanları olmadığını bildirərək, Miçiqan və Pensilvaniyada bülletenlərin hesablanmasının dayandırılması üçün məhkəmə proseslərinə başlayır.

ABŞ prezidenti Donald Tramp:

“Biz ABŞ Ali Məhkəməsinə gedəcəyik. Biz bütün səsvermələrin dayandırılmasını istəyirik. Onların səhər saat dörddə bir bülleten tapıb siyahıya əlavə etməsini istəmirik."

Tramp həmçinin fərqin çox az olduğu Viskonsin ştatında da səslərin yenidən hesablanmasını tələb edir.

Vilyam Hovell, Çikaqo Universitetində politoloq:

“İstənilən namizəd fərq 1 faizdən az olduqda səslərin yenidən hesablanmasını tələb etmək hüququna malikdir və bun görə də o bunu tələb edə bilər. Amma tarixən yenidən hesablanma nadir hallarda əvvəlki hesablanmadan fərqli olur və bu səbəbdən də onun istədiyi nəticəyə gətirib çıxartması ehtimalı azdır."

Trampın yüzlərlə tərəfdarı şərşənbə günü gecə Arizona ştatının Finiks şəhərində səslərin hesablandığı məntəqənin qarşısında etiraz edərək, bəzi səslərin lazımi qaydada hesablanmadığını iddia edib.

Arizona və digər ştatlarda son nəticələr potensial olaraq məhkəmə qərarı ilə müəyyən edilə bilər.

Hans Spakovski, Heritage Fondunda, təhlilçi:

“Əgər səsvermə bülletenlərinin sayılması, qiyabi səsvermə bülletenlərinin rədd edilməsinə, qiyabi bülletenlərin müddətinin uzadılmasına qarşı məhkəmə prosesi varsa, şübhə etmirəm ki, bu iddianı kim uduzsa, işi ABŞ-ın Ali Məhkəməsi səviyyəsinə qədər qaldırmaq niyyətindədir."

Bu isə o deməkdir ki, kimin qalib gəldiyinin müəyyən edilməsi günlər və hətta həftələr sürə bilər.