Bir aydan qısa müddətdə 5000-dən çox amerikalı Çin hökumətindən COVID-19-un vurduğu zərərlərə görə təzminat tələb etmək üçün Florida ştatında məhkəmə işi başladıb.
İddiaçılar Pekinin virusun yayılmasının qarşısını almaqda səhlənkarlıq etməsi nəticəsində onlara böyük ziyanın dəydiyini bildirir. Bənzər məhkəmə işləri Nevada və Texas ştatalarında da başladılıb.
Berman Hüquq Bürosu Amerikanın Səsinə bildirib ki, "Məhkəmə iddiamız virus səbəbilə fiziki təsirlərə məruz qalanları əhatə edir. Həmçinin bu iddia Çinin "heyvan bazarındakı" ticari fəaliyyətinə də aid edilir."
Hüquq firması Çini məhkəməyə vermək üçün Xarici Suveren Toxunulmazlıq Aktını (FSIA) əsas götürərək "ticarət fəaliyyəti'" və "fərdi zərər"-ləri səbəb göstərib.
Lakin San-Fransiskoda yerləşən Kaliforniya Universitetinin Hastings Hüquq Kollecinin professoru Şaymin Keitner bu məhkəmə işi ilə razı deyil.
"Əgər "FSIA"-nın əsasnaməsi ilə əlaqədar qəbul edilmiş hər hansı bir məhkəmə qərarını oxusanız görəcəksiniz ki, çinli bir məmurun davranışı səbəbi ilə yaranmış fərdi fiziki zərər ABŞ ərazsidinə baş verməlidir. Və eləcə də burada ticarət fəaliyyəti ilə bağlı heç bir iddia yoxdur," deyə o bildirb.
O həmçinin əlavə edib ki, "Xarici dövlətləri siyasi qərarlarına görə məhkəməyə verə bilməzsiniz."
İngiltərədə qərargahlanan mühafizəkar düşüncə mərkəzi Henry Jackson Cəmiyyəti bildirir ki, ABŞ-ın koronavirus zərərlərinə görə qaldırdığı məhkəmə işi 1,2 trilyon dollar dəyərində ola bilər.
Henry Jackson Cəmiyyəti yaydığı yeni hesabatında bildirib ki, mümkündür ki, Çin xəstəliyin erkən dövründə problemi yanlış idarə etdiyi üçün vurulan ziyanlara görə məsuliyyət daşısın. Xüsusilə də Çinin məlumatları bilərkədən Ümumdünya Səhiyyə Təşkilatından gizlətməsi Beynəlxalq Səhiyyə Qaydalarının pozulması deməkdir.
Tədqiqat mərkəzi ölkələri Çini ÜST, Beynəlxalq Ədalət Məhkəməsi, Daimi Arbitraj Məhkəməsi, Honq-Konq və ABŞ-dakı məhkəmələr də daxil olmaqla 10 fərqli hüquq müəssisəsi vasitəsilə məhkəməyə verməyə çağırır.