Amerikalı diplomatlar Rusiyanı tərk edir

Ölkədən çıxarılan amerikalı diplomatların olduğu avtobuslar cümə axşamı ABŞ-ın Moskvadakı səfirliyinin binasını tərk edib.

İnsanların səfirliyin binasından çıxaraq, çamadan və yüklərini avtobusa yerləşdirilməsi müşahidə edilib.

Rusiya keçən həftə ABŞ tərəfindən 60 rusiyalı diplomatın ölkədən çıxarılması ilə bağlı qərarına cavab olaraq eyni sayda amerikalı diplomatın xaric edilməsi haqda qərar vermişdi.

Diplomatik böhran sabiq rus casusu və onun qızının Britaniyada zəhərlənməsindən sonra başlayıb. Böyük Britaniya hadisəyə görə Rusiyanı günahlandırsa da, rəsmi Moskva bu iddialara şiddətlə qarşı çıxıb.

Hadisədən sonra ABŞ və Böyük Britaniya da daxil olmaqla, Qərbin 28 ölkəsindən 150-dən çox Rusiya diplomatı çıxarılıb.