Amerika və Britaniya vətəndaşlarına basqın edənlərə hökm oxunub

Amerika və Britaniya vətəndaşlarına basqın edənlərə hökm oxunub

Məhkəmə basqınçıları Cinayət Məcəlləsinin xuliqanlıq və sağlamlığa qəsdən az ağır zərər vurma maddələri ilə təqsirli bilib.

Bakının Yasamal rayon məhkəməsində 2011-ci ilin iyunun 15-də Bakıda ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Seliya Devisə basqın işi üzrə məhkəmə prosesi başa çatıb.
İş üzrə 4 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. Məhkəmə onları Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) və 127.1-ci (sağlamlığa qəsdən az ağır zərər vurma) maddələri ilə təqsirli bilib və Nazim Hüseynovu 4 il, Adil Tağızadəni, Roman Həsənovu və Vüsal Qurbanovu 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Böyük Britaniya vətəndaşı Seliya Devisin vəkili Elçin Sadıqov bildirib ki, müvəkkili prosesdə onlara məhz bu şəxslərin hücum etdiyindən əmin olmadığını, onların üzünü xatırlamadığını bildirib.
Öz növbəsində, Adil Tağızadənin vəkili Namiq Hacıyev deyib ki, bütün müttəhimlər ittihamları təkzib edib. Onlar polisdə təzyiq altında etirafedici ifadələr verdiklərini bildiriblər.
Vəkilin sözlərinə görə, prosesdə şahidlər də ifadələrini təsdiq etməyib. “Zərərçəkmişlər özləri də onları bu şəxslərin döymədiyini bildirib”, -deyə Hacıyev Turan Agentliyinə bildirib.
Vəkil ümumilikdə hökmü ədalətsiz adlandırıb. “Hətta müvəkkilimin təqsirli olduğunu güman etsək, məhkəmə həmin vaxt onun yetkinlik yaşına çatmamış olduğunu nəzərə almalı və daha yüngül hökm verməli idi. Çox güman ki, apellyasiya şikayəti veriləcək”.
Qeyd edək ki, xanım Devis Azərbaycanda yerli QHT-nin – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) layihələrinin həyata keçirilməsinə yardım edir. Amanda Erikson da ölkənin vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edib və jurnalist fəaliyyəti ilə məşğul olub.