Amerika Tarixi: 1920-ci illərdə vətəndaş azadlıqlarına kommunizm təhlükəsi

Amerika Tarixi: 1920-ci illərdə vətəndaş azadlıqlarına kommunizm təhlükəsi

Hökumət rəsmilərinin həmkarlar ittifaqları və digər qurumlara qarşı apardığı kampaniya “Qırmızı Vahimə” kimi tanındı

Amerika Birləşmiş Ştatlarının Konstitusiyası ifadə, din, mətbuat azadlıqlarını təminat altına alır. Konstitusiyada Hüquqlar bili bu və digər fərdlərin hüquqlarını müdafiə edir. Ancaq hökumət heç də həmişə Konstitusiyadakı haqlara riayət etməyib.

Məsələn, XVIII əsrdə prezident Con Adams Tomas Cefferson və onun Demokrat Partiyasının hökuməti tənqid etməsinin qarşısını alan qanunu dəstəkləmişdi.

Vətəndaş müharibəsi zamanı prezident Abraham Linkoln qəzetlərin müharibə xəbərləri yaymaması üçün ciddi addımlar atmışdı. Və nəhayət 1950-ci illərdə senator Jozef MakKarti sadə insanları kommunist və xain olmaqda ittiham edirdi.

İnsan hüquqlarına qarşı hökumətin ən ciddi baskıları 1919 və 1920-ci illərdə həyata keçirilib. Bir çox hökumət rəsmiləri həmkarlar ittifaqları liderləri, əcnəbilər və başqalarına qarşı bəzən qanunsuz ölçülər götürürdülər.

Bu ölçülər Amerikada kommunizm təhlükəsinin qarşısını almaq üçün götürülürdü. Birinci Dünya Müharibəsi zamanı təşkilatlanmış Həmkarlar İttifaqlarının artması hədələri daha da çoxaldırdı. Müharibə zamanı çoxsaylı tətillər qeydə alınmışdı. Gündən-günə daha çox işçi öz iş yerlərini risk qarşısında qoyaraq birlikdə iş şəraitlərinin yaxşılaşması səylərinə qoşulmaq istəyirdi.


Prezident Vudro Vilson uzun müddət təşkilatlı ittifaqları dəstəkləmişdi. O, işçilər və iş sahiblərinin dinc şəraitdə danışıqlar aparmasına çalışmışdı.

Ancaq tətillər milli müharibə səyləri üçün əhəmiyyətli olan zavod, fabriklərin bağlanmasına səbəb olandan sonra rəsmi dəstək sona çatdı. Prezident Vilson və onun müşavirləri düşündülər ki, işçilər milli maraqları şəxsi maraqlardan daha üstün tutmalıdırlar. Onlar işçilərə yaxşı əmək haqqı və iş şəraiti barədə tələblərini müharibə bitənədək təxirə salmalı olduqlarını bildirdilər.

Ümumilikdə, amerikalı işçilər həqiqətən də gözlədilər. Ancaq 1919-cu ildə müharibə bitəndən sonra amerikalı əməkçilər yüksək əmək haqqı uğrunda daha geniş tətillərə başladı. 1919-cu ildə 2 milyona yaxın işçi tətil etdi. Bənnalar, qəssablar və dəmiryol işçilərinin tətilləri qeydə alındı. Tərsanələr, ayaqqabı fabrikləri və telefon şirkətlərində də tətillər başlamışdı.

Tətil edən işçilərin böyük əksəriyyəti yüksək maaş və az iş saatı tələb edirdilər. Ancaq artıq iqtisadi sistemin özündə də köklü dəyişikliklər istəyənlərin sayı dayanmadan artırdı. Onlar müəyyən özəl sənayelərə hökumətin nəzarət etməsinə çağırırdılar.

Məsələn, dəmiryol işçiləri hökumətin dəmiryol sisteminə daimi nəzarətini tələb edirdi. Mədən işçiləri də mədən sənayenin milliləşdirilməsini istəyirdi. Və hətta taxıl fermaları ilə məşhur olan mühafizəkar ştatlarda da fermerlər köklü iqtisadi dəyişiklərə çağıran qrupa qoşulmuşdular.

Bütün bu etirazlar ölkələrini sərbəst biznesin yuvası kimi görən ənənəvi amerikalıları şoka salmışdı. Onlar Həmkarlar İttifaqlarına çox da ehtiyacın olmadığını düşünürdülər. Və onlar qorxurdular ki, artan tətil dalğası ABŞ-ın Rusiyada baş verən eyni inqilabla üzləşməsi demək idi. Lenin özü də demişdi ki, Bolşevik İnqilabı başqa ölkələrin zəhmətkeşləri arasında da yayıla bilər.

1919-cu ildə baş vermiş bir neçə hadisə də yalnız zorakı inqilab təhlükəsini artırırdı. Corciya ştatından olan senatorun evində və hətta ölkənin baş prokuroru Mirçel Palmerin evinin qarşısında bomba partladıldı.

Bununla yanaşı, ən qorxulu hadisə Massaçusetts ştatının Boston şəhərində polis işçilərinin tətili idi.

Polis işçiləri də yüksək maaş tələb edirdilər. Ancaq polis rəisi onlarla danışıqlar aparmağı rədd etmişdi. Nəticədə polislər tətilə başlamışdı. Bu zaman isə oğrular mühafizəsiz evlərə və dükanlara basqına başladılar. Nəhayət, Massaçusetts qubernatoru Kalvin Kulic insanların mühafizəsi üçün dövlət qoşunlarını köməyə çağırmalı oldu. Bu addım tətilin qarşısını aldı. Polis işçilərinin çoxu iş yerlərini itirdi.

Bütün bunlar amerikalıları bezdirmişdi. Onlar artıq Həmkarlar İttifaqlarını və inqilab planlaşdıran digər insanları ittiham edirdi. Bu insanlar ölkəni ehtimal olunan ekstremizmdən qorumaq üçün dinc kampaniyaya başladı. Kampaniyanın liderləri minlərlə insanı kommunist və ya “Qırmızı” olmaqda günahlandırırdı. Kampaniyanın özü isə “Qırmızı Vahimə” adı ilə tanındı.

Əlbəttə ki, insanların çoxu inqilabdan qorxdu. Onlar ittifaqlarda aktiv olan bir çox əcnəbiyə etibar etmirdi. Bu insanlar qanlı dünya müharibəsindən sonra artıq dəyişiklik və sosial iğtişaşlardan yorulmuşdular.

Müxtəlif şəhərlərdə amerikalılar kommunist ekstremistlər hesab etdikləri şəxslərə və qruplara qarşı zorakı addımlar atırdılar.

Nyu-Yorkda hərbi uniformalı kütlə sosialist qəzetin ofisinə hücum etmişdi. Onlar qəzetdə çalışanları döymüş, texniki təchizatları isə sındırmışdı. Vaşinqton ştatının Sentralia şəhərində ittifaq üzvləri və onların rəqibləri arasında baş vermiş incident zamanı 4 nəfər həlak olmuşdu.

İctimai fikir Həmkarlar İttifaqlarına və siyasi solçulara qarşı idi. Bir çox insan düşünürdü ki, solçu düşüncəyə malik hər hansı insan demokratiyanı risk qarşısında qoyan inqilabçı ola bilər. Bəzi ştatlar və yerli hökumətlər inqilabı dəstəkləyən təşkilatlara sahib olmağı cinayət hesab edən qərarlar qəbul etdilər. 28 ştatda qırmızı bayraq dalğalandırmağı cinayət hesab edən qərarlar qüvvəyə mindi.

İnsanlar bunu həmçinin milli hökumətdən də tələb edirdi. Prezident Vilson xəstə idi və vəziyyət aydın şəkildə görə bilmirdi. O, çox şey barədə düşünmürdü. Ancaq onun ABŞ-ın Millətlər Liqasına qoşulması arzusu istisna idi.

Ancaq baş prokuror Palmer ölçü götürülməsi çağırışlarına isti yanaşdı. O növbəti il keçiriləcək seçkilərdə prezident olacağına ümid edirdi. Palmer elektoratın diqqətini cəlb etmək üçün daha sərt ölçülər götürmək qərarına gəldi.

Onun baş prokuror kimi ilk ölçülərindən biri mədən işçilərinin tətilinin qarşısını almaq oldu. Daha sonra Palmer solçu liderlərin həbsi məqsədi ilə ardıcıl reydlər təşkil etdi. Saxlanılanların çoxu heç bir cianyət törətməmiş günahsızlar idi. Ancaq rəsmilər onları heç bir ittiham irəli sürmədən həftələtlə həbsxanada saxlayırdı.

Təhlükə hissi və şübhəsi Amerika həyatının digər aspektlərinə də yayılmışdı. Bəzi şəxslər və qruplar kommunizmi dəstəkləməkdə ittiham olunurdu. Aktyor Çarli Çaplin, təhsil üzrə mütəxəssis Con Dyuvi, və hüquqşunaslıq professorluq Feliks Frankförter kimi tanınmış amerikalılar ittiham olunanlar arasında idi.

“Qırmızı Vahimə” bir çox insanın öz fikirlərini azad şəkildə ifadə edə bilməməsinə səbəb oldu. Onlar kommunist olmaqda ittiham ediləcəklərindən qorxurdular.

“Qırmızı Vahimə”nin sürətlə bütün ölkə yayılmasına baxmayaraq, hərəkat 1920-ci ildə sona çatdı. Bir neçə ay içərisində insanların baş prokuror Palmerə olan inamı öldü. Onlar Palmerin həddən artıq sərt ölçülərindən bezmişdilər. Respublikaçı lideri Çarlz Evans Hyuz və başqa tanınmış amerikalılar Ədliyyə Nazirliyini insanları həbsə atan və onları ittiham edən qanunu ləğv etməyə çağırdı.

1920-ci ilin yayında sonra “Qırmızı Vahimə” sona çatdı. Hətta sentyabr ayında Nyu-York şəhərində böyük bomba partlayışı da amerikalıları ifadə azadlığı və qanunun aliliyi fikrindən daşındıra bilmədi.

Bu kampaniya uzun sürməsə də, ABŞ tarixində vacib hadisə idi. O, göstərdi ki, I Dünya Müharibəsindən sonra amerikalılar sosial dəyişiklərdən yorulmuşdular. Onlar sülh və biznesin inkişaf etməsini istəyirdilər.

Əlbəttə, amerikalılar üçün öz fikirlərini ifadə etməyin ənənəvi yolu seçkilərdir. Amerikalılar da elə həmin il keçirilən prezident seçkilərində öz iradələrini əks etdirdilər.