Amerika, İsrail və Böyük Britaniya Azərbaycandakı vətəndaşlarına terror xəbərdarlığı edib

Alarm risk code

ABŞ səfirliyinin mətbuat katibi deyib ki, Azərbaycanda terror ehtimalı var və ABŞ vətəndaşlarını sayıq olmağa çağırırıq

İsrailin Bakıdakı səfirliyi ötən cümə günündən bağlıdır. Səfirlik bununla bağlı heç bir rəsmi məlumat yaymayıb. Səfirliyə daxil olan zənglərə cavabda diplomatik missiyanın işləmədiyi bildirilir.

Bundan əvvəl Azərbaycan 9 ölkədən ibarət siyahıya daxil edilib. Belə ki, İsrail hakimiyyəti öz vətəndaşlarına terror təhlükəsi ilə əlaqədar həmin ölkələrə səfər etməməyi tövsiyə edib. Ötən cümə ABŞ-ın Azərbaycandakı səfirliyi də son iki həftə ərzində ikinci dəfə Amerika vətəndaşlarını Azərbaycanda onlara qarşı mümkün təhlükə ilə bağlı xəbərdar edib.

İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem 1news- agentliyinə səfirliyin işləməməsinin logistika məsələləri ilə bağlı olduğunu deyib.
Ötən həftə ABŞ Dövlət Departamentinin terror təhlükəsi ilə bağlı bəyanatından sonra həmçinin Böyük Britaniya Azərbaycandakı vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin APA agentliyinə bildirib ki, Amerikanın Azərbaycandakı səfirliyi adi iş rejimində işləyir. “Ancaq səfirliyin müvafiq təhlükəsizlik səviyyəsində olduğuna əmin olmaq üçün Azərbaycan hökumətinin müvafiq qurumları ilə iş aparılır. Təhlükə haqqında etibarlı məlumat əsasında səfirliyimizə Azərbaycanda, o cümlədən Amerika maraqlarına qarşı yönəlmiş mümkün terror aktlarının baş vermə ehtimalı ilə əlaqədar yeni xəbərdarlıq daxil olub. Biz potensial təhlükələrlə bağlı Amerika vətəndaşlarını məlumatlandırırıq ki, onlar öz səfərlərini düşünərək planlaşdırsınlar. Biz hesab edirik ki, Azərbaycanda terror ehtimalı var və ABŞ vətəndaşlarını sayıq olmağa çağırırıq”, - deyə o qeyd edib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov ANS PRESS agentliyinə bildirib ki, səfirliklərin bağlanması ilə bağlı Xarici İşlər nazirliyinə heç bir rəsmi məlumat verilməyib.

Agentlik həmçinin bildirir ki, ötən həftə ABŞ Dövlət Departamentinin terror təhlükəsi ilə bağlı xəbərdarlığından sonra İsrailin Dövlət Terrorla Mübarizə Bürosu bir sıra ölkələrdə israillilərə qarşı yüksək hücum ehtimalının olması ilə bağlı xəbərdarlıq elan edib. Xəbərdarlıq “Hizbullah” lideri İmad Muğninin zərərsizləşdirilməsinin üçüncü ildönümü ilə əlaqədar idi. Terrorla Mübarizə Bürosunun məlumatında qeyd olunur ki, yaxın həftələr ərzində israillilər üçün xüsusi olaraq təhlükəli olan 9 ölkə var: “Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Venesuela, Misir, Fildişi Sahili, Mali və Mavritaniya”.

Azərbaycan Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri bildirib ki, ölkədə əməliyyat şəraitinə nəzarət olunur, səfirliklər, diplomatik korpuslar etibarlı şəkildə qorunur.

İqtidarda olan Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə “Media forum” saytına açıqlamasında terror təhlükəsi ilə balı bəyanatların siyasi xarakter daşıdığını bildirib. “ABŞ, Böyük Britaniya və İsrailin Azərbaycanda terror təhlükəsinin olması haqda xəbərdarlıqlarını müxtəlif formada şərh etmək olar. Ola bilər ki, kimlərsə Azərbaycan haqda mənfi imic yaratmağa cəhd edir. Müəyyən dairələr yalan məlumatlar yaymaqla bizim dövlətimiz, onun iqtisadi inkişafı, gedən proseslər haqda xaricdə yanlış təəssürat yaratmaq istəyirlər. Lakin hesab edirəm ki, dövlət səviyyəsində Azərbaycanın ABŞ, Böyük Britaniya və İsraillə problemi yoxdur”.

Onun fikrincə, ABŞ, Böyük Britaniya və İsrailin müvafiq orqanları Azərbaycan haqda yalan məlumatlar əldə edirlər, kimlərinsə ötürdüyü informasiyaları yoxlamadan belə nəticəyə gəliblər: “Əgər kimlərsə terror təhlükəsi olduğunu deyib Azərbaycana təsir göstərmək istəyirsə, bu, mənasız cəhddir. Azərbaycan ictimai-siyasi sabitliyə görə bölgədə ən öndə gedən ölkələrdən biridir. Azərbaycanın hüquq mühafizə orqanları, xüsusilə Daxili İşlər Nazirliyi yüksək peşəkarlıq nümayiş etdirir. Bu gün Azərbaycanda cinayətkarlığa qarşı mübarizə bütün istiqamətlərdə gedir, cinayətkarlığın qarşısının alınması üçün görülən tədbir müsbət nəticələr verir. Azərbaycanda cinayət hadisələrinin üstünün açılması da çox operativ formada həyata keçirilir. Azərbaycana qonşu olan ölkələrə xas terror əməlləri son 10 ildə bizdə baş vermir. Əvvəlki illərdə ermənilər Azərbaycanda terror aktları törədiblər. Bunun da qarşısı alınıb. Ölkəmizdə texnoloji vasitələrdən istifadə etməklə terror aktlarının törədilməsinin qarşısını almaq üçün lazımı tədbirlər görülüb. Hesab edirəm ki, Azərbaycan təhlükəsiz ölkədir. İstənilən xarici vətəndaş Azərbaycana gələrək burada öz fəaliyyətini davam etdirə bilər”, deyə o qeyd edib.