Amerika səfiri Qəbələdə Azərbaycanlı Oğlanların Liderlik Təcrübəsi ilə tanış olub

Amerika səfiri Qəbələdə Azərbaycanlı Oğlanların Liderlik Təcrübəsi ilə tanış olub

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin maliyyə dəstəyi ilə təşkil edilən layihənin məqsədi azərbaycanlı gənclərin inkişaf edərək öz icmalarında müsbət dəyişikliklər gətirə biləcək fəal vətəndaş və lider olmaqlarına kömək etməkdir.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Qəbələ rayonunda altıncı illik Azərbaycanlı Oğlanların Liderlik Təcrübəsi (AOLT) düşərgəsinin bağlanış mərasimində iştirak edib. Beş günlük yay düşərgəsində Azərbaycanın 24 rayonundan 13-16 yaşlı 47 oğlan iştirak edib. Düşərgənin məqsədi iştirakçılara liderlik və vətəndaş məsuliyyətinin icrasını daha yaxşı anlatmaq, həmçinin oğlanlara icmanın inkişafına yönəlmiş layihələri planlaşdırmağı və həyata keçirməyi öyrətməkdir.

Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, səfir Brayza oğlanları öz icmalarına qayıdanda AOTL düşərgəsində öyrəndikləri dərsləri gündəlik həyatlarında istifadə etməyə dəvət edib: “İnanıram ki, Azərbaycanın parlaq gələcəyi var və bu gələcək sizinlə başlayır. Burada öyrəndiklərinizi tətbiq etməklə siz icmalarınızın hər birinə müsbət dəyişiklik gətirmək şansı qazanırsız”.

Cənab Brayza Azərbaycanın rayonlarına gələcək səfərlərində düşərgə iştirakçılarının icma inkişafına yönəldilmiş layihələrinin nəticəsini görməyi səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin maliyyə dəstəyi ilə ABŞ-ın Sülh Korpusu Könüllülərinin və onların Azərbaycandakı həmkarlarının təşkil etdiyi AOTL-ın məqsədi azərbaycanlı gənclərin inkişaf edərək öz icmalarında müsbət dəyişikliklər gətirə biləcək fəal vətəndaş və lider olmaqlarına kömək etməkdir. 2006-cı ildən etibarən AOTL Düşərgəsi Azərbaycanın müxtəlif yerlərindən olan oğlanlara fərd olaraq özlərini sınaqdan keçirməyə, icma üzvləri və Azərbaycan vətəndaşları olaraq üzləşdikləri məsələləri müzakirə etməyə imkan verir. Oxşar düşərgə 24-29 iyul tarixdə Qəbələdə gənc azərbaycanlı xanımlar üçün keçiriləcək.