ABŞ Suriya qaçqınlarına yardım səylərini gücləndirir

ABŞ Dövlət Departamenti Amerikadan sığınacaq istəyən Suriya qaçqınlarına yardım səylərini gücləndirib.

Dövlət Departamentinin sözçüsü Mark Toner bildirib ki, 2001-ci ildə başlayan Suriya böhranından bəri ABŞ-ın oktyabr ayının sonunadək sığınacaq verəcəyi qaçqınların sayı 18 000-nə çatacaq.

3 yaşlı suriyalı uşağın sahildəki cəsədini nümayiş etdirən şəklə münasibət bildirən sözçü ABŞ rəsmilərinin şoka düşdüyünü deyib. O, İkinci Dünya Müharibəsində sonra ən böyük miqrant böhranının həllinin vacibliyini vurğulayıb.

Mark Toner bildirib ki, Amerikanın Suriya kimi ölkələrdən qaçqınların qəbulu prosesi 24 ay çəkə bilər.

“Regionda bir çox terrorist qrupu fəaliyyət göstərir. ABŞ milli təhlükəsizliyinin müdafiəsini nəzərə almalıdır”-deyə Toner bildirib.

O, ABŞ-ın Suriya böhranına 4 milyard dollar məbləğində yardım vəsaiti ayırdığını deyib.

Toner Suriya böhranının siyasi yolla həllinin vacibliyini vurğulayaraq, prezident Bəşar Əl-Əsədin hakimiyytəndən getməli, İslam Dövlətinin isə məğlub edilməli olduğunu bildirib.

Human Rights Watch böhranın həllinin vacibliyini vurğulasa da, ABŞ və digər ölkələrin daha artıq iş görmələrinin mühümlüyünü önə çəkib.