Vaşinqtonda Türk-Amerika qurultayında Azərbaycan nümayəndələri iştirak edib [Video]

Your browser doesn’t support HTML5

“Xocalı qətliamı Azərbaycan üçün ən faciəli hadisədir,” deyə Azərbaycan Amerika Şurasının baş direktoru Cavid Hüseynov Amerikadakı Türk icmalarının 33-cü illik toplantısında çıxışını bu sözlərlə açıb. Cənab Hüseynov Xocalı qətliamı və Dağlıq Qarabağ problemi barədə toplantı iştirakçılarına geniş məlumat verərək, bölgənin tarixi keçmişi, münaqişənin keçmiş sovet dövrünün ilk qanlı hadisəsi olduğunu, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyi halda münaqişənin həlli üçün səylərin kifayət olmadığını deyib.

O, Amerikanın Səsinə müsahibəsində Azərbaycan Amerika Şurasının Türk birlikləri ilə birgə gördükləri işlərdən danışıb.

Konfransa Türk respublikalarının nümayəndələri ilə yanaşı, Azərbaycandan millət vəkili Sabir Rüstəmxanlı da iştirak edib.

Toplantıda söz alan millət vəkili Sabir Rüstəmxanlı Türk cumhuriyyətlərinə Qərbə gedən yolun Turkiyədən keçdiyini və Türkiyənin dünyada rolunun artdığını, Azərbaycanın Amerikanın strateji müttəfiqi olduğunu vurğulayıb. Türk respublikalarının iqtisadiyyatından danışan millət vəkili Xəzər hövzəsinin ehtiyatlarının Azərbaycandan Türkiyə vasitəsilə dünyaya daşındığını bildirib.

Daha sonra Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Türkiyə, həmçinin Amerika ilə münasibətlərinin inkişafından danışan cənab Rüstəmxanlı Dağlıq Qarabağ münaqişəsi kimi problemlərin hələ də həllini tapmadığını deyib.

Aprelin 25-də başlayan konfrans üç gün davam edib. Konfrans çərçivəsində keçirilən müxtəlif iclaslarda Türk respublikalarının nümayəndələri ölkələrinin qarşılaşdığı siyasi-iqtisadi problemləri müzakirə ediblər.