İranla nüvə razılığı iyunun 30-na müəyyən edilmiş möhlətə qədər əldə edilməyə bilər

ABŞ administrasiyası rəsmisinin bildirdiyinə görə, İranla nüvə razılığı iyunun 30-na müəyyən edilmiş möhlətə qədər əldə edilməyəcək. O, müzakirələrin bağlı qapılar arxasında keçiriləcəyini deyib.

Rəsminin bəyanatı ABŞ dövlət katibi Con Kerrinin danışıqlar aparılan Vyanaya səfərindən öncə səslənib.

Dünyanın 6 qüdrətli dövləti ilə müzakirələrdə İranı xarici işlər naziri Məhəmməd Cavad Zərif təmsil edir.

İyunun 30-dək əldə edilməli olan razılığa görə İran beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində gələn 10 il müddətində nüvə proqramını məhdudlaşdırmalıdır.

İranın ali ruhani lideri ölkəsinin nüvə proqramının uzun müddət məhdudlaşdırılmasını qəbul etməyəcəyini bildirib.

Ayətulla Əli Xameneyi isə bu müddətin qəbuledilməz olduğunu və razılığın şərtlərinə görə beynəlxalq müfəttişlərin hərbi obyektləri yoxlamasına yol verilməyəcəyini deyib.

O, eyni zamanda razılıq imzalandıqdan dərhal sonra iqtisadi sanksiyaların ləğv edilməsini tələb edib.

Sanksiyaların yüngülləşdirilməsinin sürəti Britaniya, Fransa, Çin, Rusiya, ABŞ və Almaniya ilə aparılan yekun müzakirələrin əsasını təşkil edir.