Amerika Azərbaycanda xəstəliklərin monitorinqinin aparılması üçün laboratoriya tikib

Amerika Azərbaycanda xəstəliklərin monitorinqinin aparılması üçün laboratoriya tikib

Səfir Metyu Brayza laboratoriyanın açılışını ABŞ - Azərbaycan əməkdaşlığının genişləndirilməsinin rəmzi adlandırıb.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, ABŞ-ın Təhlükənin Azaldılması Üzrə Müdafiə Agentliyinin rəhbəri Ken Mayers və Azərbaycan hökumətinin rəsmiləri Azərbaycan Müdafiə Nazirliyi üçün Bakı şəhərində xəstəliklərin monitorinqinin aparılması üçün yüksək müasir standartlara cavab verən laboratoriyanın açılış mərasimində iştirak edib.

Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, laboratoriyanın tikintisi ABŞ Müdafiə Departamentinin Birgə Bioloji İştirak Proqramı (BBİP) çərçivəsində ABŞ hökuməti tərəfindən maliyyələşdirilib.

Səfir Metyu Brayza laboratoriyanın açılışını ABŞ - Azərbaycan əməkdaşlığının genişləndirilməsinin rəmzi adlandırıb. “Yolxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün Amerika və Azərbaycanlı yüksək vəzifəli dövlət rəsmiləri və ekspertlər birgə işləyərək Azərbaycanın imkanlarını daha da gücləndirir. Biz gələcəkdə də bu sahədə əməkdaşlığımızı gücləndirmək niyyətindəyik. Birləşmiş Ştatlar Azərbaycanda səhiyyənin gücləndirməsi sahəsində Azərbaycanlı tərəfdaşlarına dəstək göstərməyə hazırdır”, - deyə o qeyd edib.

ABŞ - Azərbaycan əməkdaşlığının nəticəsi olaraq Dövlət Baytarlıq Xidməti, Səhiyyə və Müdafiə Nazirlikləri üçün Azərbaycanın müxtəlif bölgələrində 10 Epidemioloji Monitorinq Stansiyası tikilib.

Müdafiə Nazirliyinin Epidemioloji Monitorinq Stansiyasının tikilişinə 1 milyon dollardan çox vəsait sərf olunub. Bu Birgə Bioloji Əməkdaşlıq Proqram çərçivəsində istifadəyə verilən birinci laboratoriyadır.

Ölkə, region və rayon səviyyəsində xəstəliklərə nəzarət və diaqnostika imkanlarının gücləndirilməsi məqsədi ilə ABŞ Müdafiə Departamenti proqramı çərçivəsində Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Özbəkistan və Ukrayna hökuməti ilə tərəfdaşlıq edir.