ABŞ Senatında Robert Sekutanın Azərbaycana səfir vəzifəsinə nominasiyası ilə bağlı dinləmə [Video]

Your browser doesn’t support HTML5

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Birləşmiş Ştatların Azərbaycana səfir vəzifəsinə nominasiya edilmiş Robert Frensis Sekutanın təyinatı ilə bağlı dinləmə keçirilib. Robert Sekuta Azərbaycanı Birləşmiş Ştatların dəyərli tərəfdaşı adlandırıb və ölkənin təhlükəsizliyi, sabitliyi və tərəqqisi üçün demokratik prinsiplərə sadiqliyin əhəmiyətini vurğulayıb.

Dinləmələrə Senatın Xarici Əlaqələr Komitəsinin üzvü, Konnektikut ştatından demokrat senator Kristofer Mörfi sədrlik edib.

Dinləmələrdə cənab Sekuta ilə yanaşı, Riçard Millsin Ermənistanda, Cess Lippinkot Beylinin Makedoniyda və Marqaret Enn Uyeharanın Montoneqroda səfir vəzifəlrinə namizədlikləri müzakirə edilib.

Senator Kristofer Mörfi səfir qismində nominasiya edilmiş Dövlət Katibinin Enerji Resysları üzrə müavinin baş yardımçısı Robert F. Sekutaya ABŞ-ın Azərbaycandakı siyasəti ilə bağlı bir sıra suallar ünvanlayıb. Cənab Sekuta Azərbaycanda demokratik islahatlar, insan haqlarının durumu və müştərək enerji layihələri ilə bağlı sulları cavablandırıb.

O, ABŞ-ın Azərbaycanla bağlı siyasətində təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq və demokratik islahatların mühüm amillər olduğunu bildirib. O, səfir kimi təsdiq olunacağı təqdirdə təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə çalışacağını deyib. Robert Sekuta təhlükəsizlik və enerji sahəsində əməkdaşlıqla yanaşı, demokratik təsisatlar və proseslərin inkişafı və qanunun aliliyinin gücləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyni vurğulayıb. “Demokratiyalar müstəqil ədliyyə sistemini gücləndirdikdə, qanuna, azad mediaya, fəal vətəndaş cəmiyyəti, plüralizm, rəqabət, demokratik seçki prosesi və insan hüquqları, sərbəst toplaşma və birləşmə hüququ, eləcə də ifadə və din azadlıqlarına hörmət olunduğu halda çiçəklənir”-deyə o bildirib.

Robert Sekuta Azərbaycanın regionda sülh və sabitlik üçün əhəmiyyətini qeyd edərək, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini başlıca prioritetlərdən biri kimi göstərib. “Sentyabrın 4-də Dövlət katibi Kerri Uelsdə NATO sammitində sülh danışıqlarında irəliyə yolu müzakirə etmək üçün prezidentlərlə görüşüb. Biz Ermənistan və Azərbaycan prezidentlərinin bu mühüm addımını yüksək qiymətləndiririk və onları nizamlanmanın elementlərinin müzakirəsini davam etdirməyə çağırırıq”-deyə bildirib.

Robert Sekuta səfir təyin olunduğu halda sabit iqtisadiyyata malik güclü və müasir demokratik Azərbaycanın qurulması və iki ölkə arasında münasibətin inkişafına çalışacağını deyib.