MS13 - Latin Amerikasının ən zorakı cinayətkar qrupları [Video]

Your browser doesn’t support HTML5

İki il bundan əvvəl El-Salvadorun iki ən zorakı cinayətkar qrupu - Mara Salvatruça 13 və Barrio 18 - öz aralarında atəşkəs elan etmişdilər. Lakin son zamanlar bu cinayətkar qruplar arasında baş verən qarşıdurmalarda ölənlərin sayı artmaqdadır.

Mahukla Salvadorun ən kasıb və ən zorakı məhəlləsidir. Bu məhəllə paytaxt San-Salvadorun şimalında yerləşir. Mahokla Mara Salvatruça və ya MS-13 kimi tanınan cinayətkar qrupun nəzarəti altındadır. Bu məhəllənin tozlu küçələrində atışmalar tez-tez baş verir və heç kimin həyatı təhlükədən sığortalanmayıb.

Yerli avtobus sürücüsü Riqoberto Hernandez biznes sahiblərinin cinayətkarlara pul ödədiyini deyir. “Biz səhər saat 4-ə qədər işləyirik və biz onlara pul ödəməsək onlar bizi öldürə bilərlər. Bizim buralarda deyərlər, yaşamaq istəyirsənsə, ödəməlisən.”

1990-cı illərdə Mara Salvatruça ilə Bruno qruplaşmaları arasında qarşıdurmalar olanda hər gün ondan çox adam qətlə yetirilirdi. 2003-2009-cu illər arasında El- Salvador həbsxanaları zorakı cinayətlər törətmiş məhbuslarla dolu idi. 2012-ci ildə solçü hökumət üzvləri iki qrupu gizli şəkildə barışdırdıqdan sonra şəhərdə ölüm hallarının sayı demək olar ki, yarıya enib. Lakin polis bu ilin yanvar ayından bəri qətl hadisələrinin sayının artdığını və gündə azı 9 nəfərin öldürüldüynü deyir.

Polis zabiti Perez-Reyes hökumətin cinayətkar qruplaşmaları barışdırmasını təsdiq etməsə də, qanqsterlərin yenidən müharibəyə başladıqlarını deyir. “Bizim barışıqla heç bir əlaqəmiz yoxdur. Yəqin ki, bu razılıq cunayətkarlar arasında olub. Lakin qətllərin sayına gələndə, demək olar ki, barışıq pozulub.”

Şəhər sakinlərinin dediyinə görə, qətillərin sayı azalanda belə, reket və digər cinayətlər baş alıb gedirdi. Avtobus sürücüləri isə cinayətkarlara necə deyərlər “yaşam vergisi” ödəməlidirlər.

Amerika Dövlətləri Təşkilatının Təhlükəsizlik Məsələləri şöbəsinin başçısı Adam Blakvell El-Salvador və digər Latın Amerikası dövlətlərində cinayətin qarşısının alınmasında cinayətkar dəstələr arasında barışığın kifayət etmədiyini deyir.
“Barışıq nə deməkdir? Barışıq müharibə zamanı döyüşən qüvvələr arasında atəşkəs deməkdir. Bundan sonra sülh başlayır, bu isə ən mürəkkəb zamandır. Bu zaman biz nəsə qurmağa çalışırıq.”

Təhlilçilər cinayətkar qrupların üzvləri üçün küçə həyatını əvəzləyə bilən, baha da başa gəlsə, reabilitasiya proqramlarına ehtiyac olduğunu deyirlər.