AMEA ABŞ-da saxlanılan 328 əlyazma kitabı əldə edib

Forensic experts search for evidence on a street where a car bomb went off in Athens, April 10, 2014.

Əlyazmalar Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanan Şərq Əlyazmaları kolleksiyasına daxildir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanan Şərq Əlyazmaları kolleksiyasına daxil olan 328 əlyazma kitabının və çoxsaylı miniatür, xəttatlıq nümunələrinin elektron variantını, rəqəmsal faksimilesini əldə edib.

İnstitutdan APA agentliyinə verilən xəbərə görə, buraya ən qədim və nəfis Quran nüsxələri, Firdovsi “Şahnamə”sinin, Nizaminin, Əlişir Nəvainin, Əmir Xosrov Dəhləvinin “Xəmsə”lərinin, Cəlaləddin Rumi, Sədi, İ.Əhmədi, Ə.Cami, Babur, Əssar Təbrizi və başqalarını əsərlərinin nəfis, gözəl xətlə köçürülmüş miniatürlü əlyazmaları daxildir.

Xüsusilə buradakı Nizami “Xəmsə”si nüsxələri nəfisliyi ilə diqqəti cəlb edir. “Xəmsə”nin 1481-ci ildə köçürülən nüsxəsində 60, 1517-ci ildə Məhəmməd Musa Əlmüzəhhib tərəfindən köçürülmüş nüsxəsində 27, 1528-ci ildə Yadgar Əlkatib tərəfindən köçürülmüş nüsxəsində 27, 1563-cü ildə köçürülmüş nüsxəsində 30, 1516-cı ildə Yarməhəmməd Əlhərəvi tərəfindən köçürülmüş nüsxəsində 35, XVII əsrdə köçürülmüş digər nüsxədə 36 miniatür var.

Kolleksiyada Nizami “Xəmsə”sinin 7, Əssar Təbrizinin “Mehr və Müştəri” poemasının 2 nüsxəsi var. Bu kitablarda Səfəvilər dövrü Azərbaycan miniatür məktəbinə məxsus rəssamların rəsmləri diqqəti cəlb edir. Ə.Caminin XVI əsrdə köçürülmüş “Yusif və Züleyxa” poemasına çəkilmiş 8 miniatür Təbriz miniatür məktəbinə məxsusdur.

Kolleksiyadakı müxtəlif dövrlərə, xüsusilə Qacarlar dövrünə aid mürəqqələr - xəttatlıq və miniatür sənəti albomları da böyük maraq kəsb edir. Kolleksiyadakı çoxsaylı orta əsrlər cildçilik sənəti nümunələri də nəfisliyi ilə diqqəti cəlb edir.