Con Herbst : Sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq, bu, Putin üçün siyasi zəiflikdir

Your browser doesn’t support HTML5

Con Herbst : Sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq, bu, Putin üçün siyasi zəiflikdir

Birləşmiş Ştatlar bu həftə Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq sanksiyaları gücləndirərək, Rusiyadan neft və qaz idxalına qadağa qoyduğunu elan edib. Ekspertlər sanksiyaların Rusiya iqtisadiyyatına ciddi zərbə endirəcəyini bildirir. Vaşinqtonda Atlantika Şurasının Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynada keçmiş səfiri Con Herbst Amerikanın Səsinə müsahibədə ABŞ və müttəfiqlərin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavabı və Moskvaya qarşı sərt iqtisadi sanksiyaları şərh edib. Səfir Herbst ABŞ-ın Mərkəzi Asiya və Cənubi Qafqazda rolunun artırılması ilə bağlı çağırışlar və Azərbaycan və Qazaxıstanın Avropanın enerji təhlükəsizilyində rolu ilə bağlı sualları da cavablandırıb.

Amerikanın Səsi: Səfir Herbst, mənim ilk sualım sanksiyalar, Rusiyadan enerji idxalına qoyulan qadağa ilə bağlıdır. Prezident Co Bayden Rusiya qüvvələrinin Ukraynaya hərbi müdaxiləni davam etdirdiyi vaxt çərşənbə axşamı günü Rusiyadan bütün neft və qaz idxalına qadağa qoyduğunu elan etdi. Bu sanksiyaların hansı təsirləri olacaq, onlar hansı dəyişiklik yarada bilər?

Con Herbst: Mən hesab edirəm ki, bu, yaxşı addımdır, lakin kiçik bir addımdır, çünki Birləşmiş Ştatlar Rusiyadan nefti kiçik həcmdə alan ölkədir. Bunu daha böyük həcmdə alan ölkələr etməli idi. Avropa ölkələri etsə idi bunun böyük təsiri olacaqdı. Lakin bu, yenə də müsbət addımdır, amma böyük addım deyil.

Amerikanın Səsi: Müharibə tez bir zamanda demək olar ki, bütünlüklə beynəlxalq ictimaiyyət tərəfindən qınağa və Rusiyanın iqtisadi təcridinə səbəb oldu. İqtisadi təzyiq artdıqca bunun Rusiya prezidentinə hansı təsiri ola bilər?

Con Herbst: Bu sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq və Rusiyada həyat səviyyəsi üçün də daha ağır zərbə endirəcələk. Deməli, bu, Putin üçün siyasi zəiflikdir. Bu birincisi. İkincisi, iqtisadiyyat sürətlə tənəzzül etdikcə, onların orduya xərcləyə biləcəyi pulların miqdarı da əhəmiyyətli dərəcədə azalacaq. Beləliklə, zaman keçdikcə bu, Rusiyanın milli təhlükəsizliyini zəiflədəcək. Bu da yaxşı haldır, çünki Moskva aqressor dövlət idi. Ona görə də biz ordunun zəifləməsini istəyirik. Mən bunun qısa müddətdə Putinin Ukraynada siyasətinə, onun hazırkı aqressiyasına təsir edəcəyinə əmin deyiləm. Bu, dərin təəssüf doğurur.

Amerikanın Səsi: Dövlət katibi Antoni Blinken Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın Ukraynada müharibənin deeskalasiyası ilə bağlı bütün təkliflərini rədd etdiyini bildirib. Beynəlxalq ictimaiyyət gərginliyin azaldılması və nəticədə müharibənin dayandırılmasına kömək etmək üçün hansı addımları ata bilər?

Con Herbst: Ölkələrin edə biləcəyi ən mühüm şey Ukraynanı Rusiya təcavüzündən müdafiə etmək üçün silahla təmin etməkdir. ABŞ-ın Ukraynaya MiG qırıcı təyyarələri və Sukhoy bombardmançılarını göndərməmək qərarı utancverici, zəiflik qoxuyan qərardır və Putini yalnız təcavüzə sövq edir. ABŞ və NATO müttəfiqlərinin hətta məhdud uçuşa qadağa zonasından sürətlə imtina etməsi də zəiflik əlamətidir və bu, Putinin Ukrayna vətəndaşlarını öldürməsini asanlaşdıracaq. Biz Ukraynaya o təyyarələri göndərməliyik. Biz Ukraynaya daha güclü zenit-raket qurğuları göndərməliyik, Ukraynaya gəmi əleyhinə raketlər, daha çox dronlar, daha çox stingerlər, daha çox “Javelin”lər göndərməliyik. Biz Ukraynada humanitar hava təhlükəsizliyi zonası kimi məhdud uçuşa qadağa zonası tətbiq etmək üçün bir yol tapmalıyıq. Bunu etsək, ukraynalıların həyatı xilas ediləcək.

Amerikanın Səsi: Bayden administrasiyası və müttəfiqlər Ukrayna hökumətinə daha çox kömək etmək üçün təzyiqlərlə qarşılaşır. Ukrayna prezidenti Volodimir Zelenskinin özü də daha çox hərbi yardım və dəstək istəyib. Eyni zamanda, uçuşa qadağa zonasının yaradılması ilə bağlı çağırışlar səslənir. ABŞ və NATO müttəfiqlərinin bunu edə bilməsi üçün hər hansı bir ehtimal mövcuddurmu?

Con Herbst: Düşünürəm ki, Rusiyanın Ukraynada xəstəxanaları daha çox atəşə tutduğunu görsək; onlar artıq 18 xəstəxananı hədəfə alıblar, Ümumdünya Səhiyyə Təşkilatı onların bunu bilərəkdən etdiyini bildirir. Ukraynada yaşayış məntəqələrinin kütləvi şəkildə bombalanmasını, keçən həftə Xarkovda müşahidə etdiyimiz kimi bəzi yaşayış məntəqələrinin şiddətli bombardmanlarını görsək, belə bir məhdud zona yaratmaq üçün ABŞ hökumətinə, hökumətlərə və NATO ölkələrinə təzyiq artacaq. Ona görə də düşünürəm ki, əgər Moskva gələcəkdə xəstəxanaları bombalamaqdan çəkinsə və şəhərləri kütləvi şəkildə bombalamağa əl atmasa, biz bunu görməyə bilərik. Amma davam etsələr və bombardmanlarını gücləndirsələr, düşünürəm ki, biz bunun şahidi ola bilərik.

Amerikanın Səsi: Bəzi müşahidəçilər Birləşmiş Ştatları Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarına daha çox cəlb olunmağa və dəstək verməyə çağırır. Onların fikrincə, ABŞ-ın bu regionlara marağı illər keçdikcə azalıb və Birləşmiş Ştatlar Kremlin Cənubi Qafqaz və Mərkəzi Asiyada təsirini azaltmaq üçün daha çox iş görməlidir. ABŞ tərəfindən nə edilə bilər? Sizin bununla bağlı fikriniz nədir?

Con Herbst: Mən razıyam ki, ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyaya daha çox diqqət yetirməlidir. Bilirsiniz, yaxşı təşəbbüs irəli sürülmüşdü. Hesab edirəm ki, Obama administrasiyasının ikinci dönəmində biz ABŞ dövlət katibinin iştirakı ilə Mərkəzi Asiya üçün 5 + (üstəgəl) 1 təşəbbüsünü (Mərkəzi Asiyanın 5 ölkəsi – Qazaxıstan, Qırğızıstan, Taciskitan, Türkmənistan, Özbəkistanın Birləşmiş Ştatlarla diplomatik dialoqu-red.) yaratdıq. Biz bunu mütləq inkişaf etdirməliyik. Biz həm Mərkəzi Asiya ölkələri, həm də Cənubi Qafqaz ölkələri ilə qlobal məsələlər, terrorizmlə mübarizə, sərhəd təhlükəsizliyi və s. məsələlərdə birgə işləmək yollarını tapmalıyıq. Bəlkə də biz Cənubi Qafqaz üçün 3 + 1 haqda düşünməliyik. Mən Bakıda və Yerevanda hökumətlərin bunu nəzərdən keçirməyə razı olacaqlarını bilmirəm. Amma əslində bu, mən burada dilə gətirdiyim, düşündüyüm məsələdir. Təhlükəli görünə bilər, amma bəlkə də bunun nəzərdən keçirilməsinə dəyər.

Amerikanın Səsi: Birləşmiş Ştatlar Rusiyadan təchizatı kompensasiya etmək üçün əsas neft istehsalçıları ilə danışıqlar aparır. Bəzi Avropa ölkələri Azərbaycan və Qazaxıstanı enerji təchizatında mühüm alternativ hesab edir. Bu ölkələr Avropanın gələcək enerji təhlükəsizliyində hansı rol oynaya bilər?

Con Herbst: Düşünürəm ki, Avropanın enerji resursları təchizatını şaxələndirməsi yaxşı olardı. Biz bu böhranda Avropanın zəifliyini görürük. Azərbaycanla bu, nisbətən asandır, çünki enerji resurslarınız Rusiya olmadan dünya bazarlarına çıxış əldə edir. Qazaxıstan üçün isə bu, kifayət qədər çətindir. Bəli, onların Çinə öz neft kəməri var, bu, normaldır. Amma Qərbə digər neft kəmərləri Rusiyaya gedir. Biz bilirik ki, Rusiya öz boru kəmərləri ilə sanki onların başqa ölkələrə məxsus olması kimi digər ölkələrdən karbohidrogenlərin daşınmasına icazə vermir.