“Sovetin siyasəti türk sözünü atıb, Azərbaycan millətini formalaşdırmaq idi.” [Audio-Müsahibə]

Altay Göyüşov

Altay Göyüşov Stalin repressiyası dövründəki milli kimlik siyasətini şərh edir

Altay Göyüşovun söylədiyinə görə, 1937-ci ildə Sovet Azərbaycanındakı ağır siyasi şəraitdə etnik kimlik və dilin adının türk/türkcədən azərbaycanlı/azərbaycancaya dəyişdirilməsinə etiraz etmək imkanı yox idi. Tarixçi alim Amerikanın Səsinə müsahibədə həmin illərdə tətbiq edilən basqılar, o cümlədən Hüseyn Cavid kimi aydınların repressiyaya məruz qalmalarının dilin adının dəyişdirilməsi prosesi ilə əlaqədar olduğunu vurğulayır. O, həmçinin 1945-46-ci illərdə qurulan Azərbaycan Milli Höküməti ilə əməkdaşlıq etmək üçün Təbrizə göndərilən ziyalıların güneydə əhalinin özlərini türk kimi təqdim etməsindən təsir aldıqlarına dair maraqlı məlumata diqqət çəkir.

Your browser doesn’t support HTML5

Altay Göyüşov sovetlərin milli kimlik siyasətini şərh edir

Altay Göyüşov Azərbaycan Respublikasında millət sözünün adətən vətəndaşlıq mənsubiyyəti deyil, etnik mənsubiyyəti ifadəsi kimi işlədildiyini Sovetlər dövründən qalmış bir ənənə olduğunu bildirir. Onun anlatdıqlarına görə, millət ifadəsinin vətəndaşlıq mənsubiyyəti anlamına gəlməsi İkinci Dünya Müharibəsindən sonra Qərbdə gedən proseslərlə əlaqədar olub. Sovetlər tərkibində yaşayan toplumlar isə bu proseslərdən uzaq idilər:

Böyük Təmizlik prosesində Sovet milli siyasətində əsas amillərdən biri Azərbaycan millətinin formalaşması idi. Ona görə də türk sözü və türk dili tamamilə sıxışdırılır və atılır.
Altay Göyüşov

“Biz Sovet dövründə o proseslərdən kənarda qalmışdıq, qapalı bir məkanda yaşayırdıq. Eyni zamanda Sovet hakimiyyətinin siyasəti azərbaycanlı adında bir millət formalaşdırmaq idi. O vaxt etnik sözü istifadə olunmurdu, amma azərbaycanlı milləti. Bu vətəndaş milləti deyildir, sırf etnik mənsubiyət üzərində güya ki, Azərbaycan milləti formalaşdırdılar. Bunun da əsas məqsədi Azərbaycan ilə Türkiyə arasındakı əlaqəni itirmək idi.”

Tarixçi 1918-ci ildə cümhuriyyətin qurulmasından bəri müxtəlif dönəmlərdə rəsmi dövlət sənədlərində əhalinin dili və kimliyinin adının nə şəkildə qeyd edildiyini açıqlayır:

Altay Göyüşov Hüseyn Cavid kimi aydınlara qarşı repressiyanın türk adının azərbaycanlı adına dəyişdirilməsi prosesi ilə bağlı olduğunu deyir.


“Azərbaycanın əksəriyyətini təşkil edən əhali özünə türk, danışdığı dilə isə türkcə deyirdi. 1918-ci ildə cümhuriyyət qurulanda iyul ayında qəbul olunan rəsmi qərarda da dilin adı türk dili kimi qeyd olunur. Sovetlər də 1920-ci ildə gələndən sonra bunu qəbul edirlər. Yerli dil türk dili kimi qəbul edilir, SSRİ sənədlərində də türk dili qeyd edilir...”

O, 1937-ci ildə həm dil, həm də millət adının türkdən azərbaycana dəyişdirilməsinin Moskva tərəfindən istənildiyini önə çəkir. Onun dediklərinə görə, dilin adı ilə etnik kimliyin adının dəyişdirilməsi eyni proses çərçivəsində həyata keçirilir:

“1937-ci ilə qədər bu dil türk dili adlanır. Hətta 37-ci ildə qəbul olunan konstitusiyanın ilkin variantında yenə türk dili gedir. Amma sonra Azərbaycan rəhbərliyi Bağırov Moskvaya gedəndə hansısa proseslərin getdiyini görür. Orada tələb olunur ki, bu türk sözü çıxarılsın və azərbaycan sözü ilə əvəz olunsun. O vaxtlar bizim pasportlarda milliyyət yazılırdı və bu milliyyət Sovet pasportlarında etnik mənsubiyyəti özündə ifadə edirdi vətəndaşlıq mənsubiyyətini yox. Orada da türk sözü azərbaycanlı sözü ilə əvəz olunubdur. Həm dilin adı dəyişdirilib, həm etnik mənsubiyyətin adı.”

Sovetlər bəzi ziyalıları güneydəki hərəkata kömək etmək üçün göndərirlər... Bunlar oraya gedir və baxmayaraq ki [şimalda] zorla azərbaycanlı adı qəbul etdirilib, görürlər güneydə camaat özünə türk deyir.
Altay Göyüşov

1937-1938-ci illərdə gedən Böyük Təmizlik ya Stalin Repressiyası dönəmindəki ağır siyasi şəraitdə toplumun hakimiyyətin kimlik dəyişdirmə siyasətinə etiraz edəcək durumda olmadığını ifadə edən Altay Göyüşov həmin dövrdə Hüseyn Cavid kimi aydınların repressiyaya məruz qalmasının da dil və millətin adının dəyişdirilməsi ilə bağlı olduğunu bildirir.

“37-ci ildə etiraz düşünmək bir az çətin idi. Sovet höküməti repressiv bir hökümət idi. Onsuz da 20-ci illərdən etibarən Azərbaycanın aydın təbəqəsini yavaş-yavaş sıradan çıxarmışdı. 36-cı ildən bəri bu proses xüsusilə intensivləşməyə başladı. Azərbaycanın aydınları 36-38-ci illərdə ciddi şəkildə repressiyaya məruz qalıb. Bəzilərini güllələyib, bəzilərini Sibirə göndəriblər..,” deyə o söyləyir.

Stalin repressiyası prosesində ən çox zərbəni yeyənlərdən biri məhz Azərbaycanda türk kimliyini başa düşən ziyalılar idi.


Hüseyn Cavid nümunəsinə diqqət çəkən cənab Göyüşov deyir ki, “Böyük Təmizlik prosesində Sovet milli siyasətində əsas amillərdən biri Azərbaycan millətinin formalaşması idi. Ona görə də türk sözü və türk dili tamamilə sıxışdırılır və atılır... Bu prosesdə ən çox zərbəni yeyənlərdən biri məhz Azərbaycanda türk kimliyini başa düşən ziyalılar idi.”

Stalinin ölümü və Xruşşovun hakimiyyətə gəlməsindən sonra yaranan siyasi atmosferdə türk kimliyinə sahib çıxan bir qrupun fəaliyyətinə zəmin yarandığını ifadə edən tarixçi bunların bir çoxunun 1945-46-ci illərdə Azərbaycan Milli Höküməti ilə əməkdaşlıq üçün güneyə göndərilən ziyalılardan ibarət olduğunu bildirir:

Bağırov Moskvaya gedəndə hansısa proseslərin getdiyini görür. Orada tələb olunur ki, bu türk sözü çıxarılsın və azərbaycan sözü ilə əvəz olunsun.
Altay Göyüşov

“İkinci Dünya Müharibəsində güneydəki respublika yarandığı zaman Sovetlər bəzi ziyalıları güneydəki hərəkata kömək etmək üçün göndərirlər... Bunlar oraya gedir və baxmayaraq ki, [şimalda] zorla azərbaycanlı adı qəbul etdirilib, görürlər güneydə camaat özünə türk deyir, baxmayaraq ki, eyni dildə danışırıq... Oradan qayıdandan sonra onlarda elə bil ki, bir oyanış prosesi başlayır və müharibədən sonra Stalin ölür və Xruşşov gəlir, bir yumuşalma olur. Sovet hakimiyyətində və bu dönəmdə yenidən o türk milliyyətçiliyi Azərbaycanda qalxmağa başlayır... [güneydən gələn] ziyalılar burada türk dili məsələsini qaldırır; nədən bizim dilimizin adı dəyişdirildi, niyə dilimiz bu qədər təzyiqlərə məruz qalır?”

Altay Göyüşov Sovetlərin güneydə gedən hərəkata marağı ilə bağlı başqa bir önəmli məqamı da Amerikanın Səsi ilə paylaşır. “Stalinin cənubdakı hərəkatda marağı olmasaydı, buradakı əhalini də güman ki, Orta Asiyaya köçürəcəkdilər,” deyə tarixçi alim dilə gətirir.