Almaniyanın Leverkuzen şəhərində Kurrenta kimyəvi zavodunda partlayış baş verib, şəhərin üstündə qara zəhərli bulud peyda olub. Bild qəzeti yazır ki, orada zibil tullantılarının yandırıldığı sahə yerləşir, ancaq hər şeydən əlavə, ora təhlükəli tullantıların və zəhərli maddələrin saxlandığı yerdir.
Rəsmilər hadisə ilə əlaqədar yerli əhaliyə xəbərdarlıq edərək, pəncərələrin və qapıların bağlı qalmalarını istəyib. Açıq havada olan insanlar qapalı məkanlara qayıtmalıdırlar.
Həyəcan səviyyəsi "həddindən artıq təhlükə" olaraq müəyyən olunub. İnşaat şirkətlərinə də bütün açıq sahələri təmizləmək haqda göstəriş verilib.
İlkin məlumatlara görə, bir nəfər müəssisənin əməkdaşı ölüb, 16 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Dörd nəfər isə itkin düşüb.
Qəzet yazır ki, sürətlə alovlanan maye çəni partlayıb. Bundan əvvəl isə orada 100 min litrə qədər bu mayenin olduğu bildirilmişdi.
Leverkuzenin qərb bölgəsində və Leverkusen və Köln arasında hər iki istiqamətdə A1 magistral yolunda nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.