Almaniya və ABŞ kəşfiyyatının rəsmi nümayəndələri Ağ Evdə danışıqlar aparır

Almaniya və ABŞ-ın milli təhlükəsizlik idarələrinin rəsmiləri kansler Angela Merkelin mobil telefonunun Amerika kəşfiyyatı tərəfindən izlənildiyinə dair iddiaları müzakirə etmək üçün Vaşinqtonda görüş keçirir.

Xanım Merkelin kəşfiyyat məsələləri üzrə koordinatoru Günter Hays Almaniya nümayəndə heyətinin tərkibində Ağ Evdə müzakirələrdə iştirak edir. Amerika tərəfdən ABŞ-ın kəşfiyyat direktoru Ceyms Klapper və milli təhlükəsizlik məsələləri üzrə müşavir Süzan Rays və başqa rəsmilər danışıqlara qatılıb.

Rəsmi Vaşinqton xanım Merkelin danışıqlarının dinlənilmədiyini və gələcəkdə də dinlənməyəcəyini bildirsə də, lakin əvvəllər güman edildiyi kimi onun hələ 2002-ci ildə kansler olmadığı vaxtdan başlayaraq danışıqlarının monitorinq olunmadığı ilə bağlı sualları cavabsız qoyub. Kansler Merkel ABŞ-ın onun mobil telefonunu izləməsinə şəxsi etirazını prezident Barak Obama ilə keçən həftə telefon söhbəti zamanı ifadə edərək, dostlar arasında casusluğa yol verilməməli olduğunu deyib.

Rəsmi Berlin Fransa ilə yanaşı, ABŞ-ın bu ilin sonuna qədər müttəfiqlərlə casusluq edilməməsinə dair razılıq əldə edilməsini istəyir.