“Üç günlük missiyamın məqsədi insan hüquqları sahəsində vəziyyətlə tanış olmaq və hökumətə tövsiyələr verməkdir”, - deyə Almaniya ombudsmanı Markus Loninq bu gün Bakıda keçirilən brifinqdə bildirib.
Bu gün, səfərinin ilk günündə o, Prezident Administrasiyasının nümayəndəsi Novruz Məmmədov, siyasi partiyaların, QHT-lərin və gənclər təşkilatlarının liderləri ilə görüşüb.
Ombudsmanın həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevlə görüşmək cəhdi baş tutmayıb. “14 saylı cəzaçəkmə müəssisəsinin qarşısında bir saat yarım gözlədik, bundan sonra bizə dedilər ki, Ədliyyə Nazirliyi görüşə icazə verməyib. Baxmayaraq ki, iki həftə əvvəl Bəxtiyar Hacıyevə baş çəkmək istəyimi bildirmişdim”, - deyə cənab Loninq bildirib.
“Bunu insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirirəm, belə ki, Avropa Şurasına üzv ölkədə başqa ölkənin ombudsmanına qarşı bu cür münasibət yolverilməzdir”, - deyə o bildirib.
Cənab Loninq qeyd edib ki, səfəri ilə Bəxtiyar Hacıyevə, həmçinin ifadə azadlığına görə həbs edilmiş hər kəsə dəstəyini ifadə etmək istəyir. O, həmçinin xatırladıb ki, bundan əvvəl Azərbaycan hakimiyyəti AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kriştofer Ştrasserin missiyasını yerinə yetirməsinə imkan verməyib.
O xatırladıb ki, vaxtı ilə Heydər Əliyev deyirdi ki, Azərbaycan demokratiya yolunu seçib, amma demokratiya ilk növbədə insan hüquqlarının təmin edilməsi deməkdir. Lakin Azərbaycanda bütün seçkilər demokratik standartlara cavab verməyib. Bu gün hər yerdə vətəndaşların əmlak hüquqları pozulur, Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi də buna misaldır. “Bu evin sökülməsini, iki tin aralıda isə evdən çıxarılan pəncərələrin satılmasını əks etdirən kadrları görmüşəm. Bu, insanı şoka salır”, - deyə cənab Loninq bildirib.
O, aprelin 2-də dinc etiraz aksiyalarının iştirakçılarının həbsini pisləyib və işgəncələrin artması haqqında məlumatlarla bağlı narahatlığını bildirib. Ötən il işgəncə faktlarının sayı 57 idi, bu il isə artıq 89 fakt var. Naməlum şəraitdə ölüm hallarının sayı 4-dən 6-ya qədər artıb.
Alman jurnalist Mixael Lüdviqin Naxçıvandan qovulmasına toxunan cənab Loninq bildirib ki, hakimiyyət jurnalistlərin hüquqlarını müdafiə etməli və onlara kömək edənləri elektrik oğurluğunda ittiham etmək yerinə, onlara minnətdar olmalıdır.