ABŞ prezidenti Ağ Ev-də Almaniya kansleri ilə birgə mətbuat konfransı keçirib [Yenilənib]

Barak Obama Ukraynaya silah göndərməyin variant olaraq qaldığını bildirib

ABŞ prezidenti Barak Obama bildirib ki, Rusiya tərəfdarı separatçılarla mübarizədə Ukraynaya silahların göndərilməsi hələ də bir variant kimi mövcud olaraq qalır, ancaq hələlik bu barədə qərar verilməyib.

Ağ Evdə Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransında danışan cənab Obamanın sözlərinə görə, Rusiya Ukraynaya təcavüzünü davam etdirərək separatçılara tanklar, ağır artileriya göndərir.

"Komandamdan xahiş etmişəm ki, bütün variantları nəzərdən keçirsinlər, hətta diplomatiya işləməsə hərbi yardımın təmin edilməsi də daxildir" - deyə ABŞ prezidenti bildirib.

O deyib ki, hansı silahların verilə biləcəyi ilə bağlı dəqiq heç nə yoxdur: "Rusiyanı Ukrayna ərazisində daha çox irəliləməkdən neçə çəkindirməyin yollarının tapılmasına dair təhlilimiz davam edir".

Almaniya kansleri Angela Merkel isə bildirib ki, o, fikir ayrılıqlarına baxmayaraq Ukrayna böhranının diplomatik yolla həllinə ümid edir. Xanım Merkel yenidən münaqişənin hərbi yolla həlli variantının olmadığını deyib. O, bu variant üçün perspektivlərin çox az olduğunu vurğulayıb.

----------------------------------
Almaniya kansleri Angela Merkel prezident Barak Obama ilə Ukraynadakı döyüşləri sona çatdırmaq haqqında danışıqlar aparmaq üçün bu gün Vaşinqtona gələcək.

Dünən Rusiya, Ukrayna, Fransa və Almaniya liderləri birgə telefon danışığı zamanı Ukraynada döyüşlərə son qoymağı nəzərdə tutan sülh planını müzakirə ediblər.

Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Petro Poroşenko, Fransa dövlət başçısı Fransua Olland və Almaniya kansleri Angela Merkel arasında danışıqlar Ukraynanın şərqində Rusiya tərəfdarı üsyanın dayandırılmasına dair diplomatik səylərin intensivləşdiyi vaxta təsadüf edir.

Almaniya hökumətinin sözçüsü deyib ki, 4 lider bu həftənin çərşənbə günü Belarusun paytaxtı Minskdə görüşüb, Ukrayna böhranından çıxmağın yollarının tapılması istiqamətində işi davam etdirməyi planlaşdırır.

Sülh planı sentyabr ayında Minskdə əldə olunan, ancaq iflasa uğrayan atəşkəs razılığına əsaslanır. Buna baxmayaraq ABŞ Dövlət Departamenti rəsmisi bu dəfəki təklifin daha təfərrüatlı olduğunu bildirib.

Cənab Olland deyib ki, bu, Ukraynada döyüşlərin dayanması üçün son fürsətdir. Xanım Merkel isə razılığın əldə olunub-olunmayacağının məlum olmadığını bildirib.