ALMANİYA - Dünya Çempionu!

Almanlar qələbəni bayram edir

Argentina üzərində 1:0 qələbə çalan Almaniya futbol üzrə dünya çempionatında Amerika qitəsində çempionluğu qazanan ilk Avropa komandasıdır.

Oyuna əvəzləyici kimi daxil olan Mario Goetze Rio de Janeyronun Maracana stadionunda keçirilən matçın 113-cü dəqiqəsində qol vuraraq komandasına qələbə bəxş edib. Komandalar oyun ərzində hesabı aça bilmədikdən sonra əlavə vaxtda oynayırdılar.

Mario Goetze

Həlledici anda argentinalı qapıçı Sergio Romeronun komandasını xilas etmək cəhdi nəticə verməyib. Komanda yoldaşı Andre Schuerrlenin ötürməsindən sonra sinəsi ilə topa nəzarəti ələ alan alman hücumçu Goetze onu qapının sağ küncünə vurub.

Argentina və Almaniya dünya kuboku uğrunda final matçında bundan əvvəl iki dəfə qarşılaşıb. 1986-cı ildə Argentina, 1990-cı ildə Almaniya qələbə çalıb.

İndiyədək dünya çempionatları tarixində Cənubi Amerika ölkələrində keçirilən yeddi çempionatın heç birində Avropa komandası qələbə çalmamışdı. Hər dəfə çempion Cənubi Amerika ölkəsinin komandası olmuşdu.

Almaniya üç dəfə, Argentina isə iki dəfə futbol üzrə dünya çempionu olub.

Futbol çempionatının finalını dünyada təxminən bir milyard insan izləyib.

Marakana stadionunda 75 minlik azarkeşlər arasında bir neçə dünya lideri də olub. Braziliya prezidenti Delma Russef, Almaniya kansleri Angel Merkel, eləcə də Latın Amerikası ölkələrinə altı günlük səfərə çıxmış Rusiya prezidenti Vladimir Putin də stadionda final oyununu izləyənlər arasında olublar.