Əlirza Abdullahi: İran azərbaycanlılarının maraqları ilə super-güclərin maraqları üst-üstə düşmür [Audio-Müsahibə]

Əlirza Abdullahi

Əlirza Abdullahinin dediklərinə görə, İran azərbaycanlılarının maraqları ilə dünyanın super-güclərinin maraqları üst-üstə düşmür və buna görə də, güney təşkilatlarının fəaliyyətləri boykot edilir. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının üzvü Amerikanın Səsinə müsahibədə milli hərəkata mənsub təşkilatların fəaliyyətləri və üzləşdikləri problemləri dəyərləndirib.

Your browser doesn’t support HTML5

Əlirza Abdullahi Amerikanın Səsinə danışır


Əlirza Abdullahi mənsub olduğu təşkilatın İran Azərbaycanının siyasi təşkilatlar tarixində xüsusi mövqeyə sahib olduğunu önə çəkir:

GAMOH-a illər boyu gələnlər də olub, gedənlər də. Gələnlərə salam olsun, gedənlərin yolu açıq olsun.
Əlirza Abdullahi

“Səttar Xan hərəkatından başlayaraq Pişəvəriyə qədər bir ardıcıllıq görürük. Amma Pişəvərindən sonra təəsüf ki, Güney Azərbaycanda bir təşkilatçılıq anlayışı olmur və o davamlılıq bir şəkildə aradan gedir. 1979 İslam İnqilabından sonra Müsəlman Xalq Hərəkatı gəlir, amma onun da ardı olmur. Bu durum GAMOH-un təsisinə qədər davam edir. GAMOH son dönəmlərdə Güney Azərbaycan sərhədləri daxilində təsis edilmiş ilk böyük təşkilat olur.”

O, bütün tənqidlər və problemlərə baxmayaraq “təşkilatın son 20 ildə davamlı fəaliyyət edə bilməsini” böyük bir uğur hesab edir.

GAMOH başqanı Mahmudəli Çöhrəqanlı

ABŞ-da yaşayan türk fəalın fikrincə, ölkə daxili ilə sağlam təmaslarda olmaq xaricdə fəaliyyət göstərən milli hərəkata mənsub təşkilatlar üçün təyinedici bir faktordur. “Bir təşkilatın mövcudluq məsələsinə baxanda, xaricdə fəliyyət göstərən təşkilatlar arasında da içəri ilə daha sağlam təmasları olanlar güclərini ortaya qoya bilirlər,” deyə o söyləyir.

GAMOH son dönəmlərdə Güney Azərbaycan sərhədləri daxilində təsis edilmiş ilk böyük təşkilat olur.
Əlirza Abdullahi

Lobbiçilik fəaliyyətlərinə diqqət çəkən Abdullahi GAMOH-un bu sahədə keçmişdə bir çox ölkədə, hazırda isə xüsusilə Türkiyədə fəaliyyətlər göstərdiyini önə çəkir:

“Görünən o ki, xaricdə fəaliyyət göstərən hər təşkilat diaspora fəaliyyətlərini də ələ almalı və Güney Azərbaycan problemlərini dünya səviyyəsində gündəmə gətirməlidir... 2000-ci illərə qədər yurd xaricində bəlki bəzi mədəni fəaliyyətlər olurdu amma tam olaraq siyasi mahiyyət daşıyan hərəkət görməmişdik. GAMOH yurd xaricində də 2000-ci illərdən sonra öz təsirini göstərdi. Bəlkə bəzən zəif bəzən güclü, amma o dönəm Güney Azərbaycan məsələsini Türkiyə, Quzey Azərbaycan, Avropa Parlamenti və Amerikaya daşıya bildik. GAMOH son illərdə yurd xaricində xüsusilə Türkiyədə fəaldır.”

Əlirza Abdullahi əlavə edir ki, “Güney Azərbaycan məsələsi dünya səviyyəsində super-güclərin maraqları ilə üst-üstə düşmür. Buna görə biz onların maraq dairəsində yerləşməyi [bacara] bilmirik. Bu səbəblə də bizi boykot edirlər. Bizim siyasi, ictimai və kültürəl hərəkətlərimiz gözə gəlmir.”

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təşkilatının üzvü keçmişdə bu təşkilatdan ayrılıb və başqa təşkilatlar təsis edənlərə dair münasibətini “GAMOH-a illər boyu gələnlər də olub, gedənlər də. Gələnlərə salam olsun, gedənlərin yolu açıq olsun,” sözləri ilə ifadə edir.