Əli Kərimli: Gözlənilən budur ki, qərarımız seçkilərdə iştirak etməməklə bağlı olacaq [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

AXCP sədri Əli Kərimlinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində seçkiqabağı durum, AXCP-nin seçki prosesinə münasibəti, mövcud ictimai-siyasi vəziyyətdən çıxış yollarından danışıb.

Amerikanın Səsi: Mövcud seçkiqabağı mühitdə AXCP-nin seçkilərdə iştirakı mümkündürmü?

Bu gün ölkədə nə real siyasi vəziyyət, nə də qanunvericilik demokratik seçkilərin keçirilməsinə imkan vermir.

Əli Kərimli: Siz bilrisiniz ki, AXCP Milli Şuranın tərkibində fəaliyyət göstərir. Bir neçə həftə bundan qabaq Milli Şura seçkiqabağı vəziyyəti təhlil edərək ictimaiyyətə geniş və ətraflı bir hesabat təqdim etdi. Hesabatda çox aydın şəkildə ifadə olunurdu ki, bu gün ölkədə nə real siyasi vəziyyət, nə də qanunvericilik, hüquqi baza demokratik seçkilərin keçirilməsinə imkan vermir. Biz seçkilərdə iştirak etmək istədiyimizə görə hökumətə konkret tələblər irəli sürdük ki, heç olmazsa yarımdemokratik şərait təmin olunmalıdır ki, biz seçkilərdə iştirak edə bilək. Həmin tələblər siyasi məhbusların azad edilməsi, seçki komissiyalarının yenidən təşkil olunması, namizədlərin qeydiyyatına və seçkilərin müşahidəsinə yaradılan maneələrin aradan qaldırılması ilə bağlı idi. Həmin tələblər yerinə yetirilməyib və bu günlərdə biz son qərarımızı verəcəyik. Gözlənilən bundan ibarətdir ki, qərarımız seçkilərdə iştirak etməməklə bağlı olacaq.

Amerikanın Səsi: Hazırki sosial sifariş, beynəlxalq münasibətlər və qanunvericilik bazası siyasi sistemdə seçki yolu ilə islahatlara yol aça bilərmi?

Təkcə biz yox, beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan hakimiyyəti ölkədə seçkilər yolu ilə, dinc, demokratik yolla hökumətin, hakimiyyətin dəyişməsini qeyri-mümkün edib.

Əli Kərimli: Biz çox istəyirik ki, ölkədəki dəyişikliklər demokratik yolla, seçki yolu ilə olsun. Amma, bunu artıq təkcə biz yox, beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan hakimiyyəti ölkədə seçkilər yolu ilə, dinc, demokratik yolla hökumətin, hakimiyyətin dəyişməsini qeyri-mümkün edib. Bütün yollar tıxanıb. Faktiki olaraq ölkədə heç bir imkan yoxdur ki, seçki yolu ilə ciddi, böyük nəticələr əldə olunsun. Bu Azərbaycan üçün ciddi fəsadlar yarada bilər. Biz ona görə də həm Azərbyacan hakimiyyətinin, həm dünya ictimaiyyətinin bu problemə diqqətini cəlb etmək istəyirik. İndi bəlkə də Azərbaycan hakimiyyəti vəziyyətdən razıdır ki, o hər seçkidə “pir” qələbələrini həyata keçirə bilir. Amma bu vəziyyət ölkəni siyasi kataklizmə aprır. Bu çox təhlükəli vəziyyətdir.

Amerikanın Səsi: Seçkilərin gedişində müxalifətin birgə mübarizəsi mümkündürmü?

Nəticəsi əvvəlcədən məlum olan bir tamaşada bizim rol almaq fikrimiz yoxdur.

Əli Kərimli: Bilirsiniz, Milli Şura hökumətlə sərt, birmənalı mübarizə aparmaq xətti ilə formalaşıb. İndi Milli Şurada qalan qüvvələr yenə də həmin prinsipial mübarizəni davam etdirir. Amma, müxalifət adına iddia edən çoxsaylı başqa qüvvələrin adından mən, heç nə demək istəmirəm. Bizim də yanaşmamız ondan ibarətdir ki, (biz bu günlərdə mövqeyimizi dəqiqləşdirəcəyik) əgər bəri başdan hər şey onu göstərirsə ki, bu seçkilərin nəticələri artıq müəyyənləşib, hətta seçki komissiyaları səviyyəsində də yox, Prezident Aparatı səviyyəsində nəticələr müəyyənləşib, nəticəsi əvvəlcədən məlum olan bir tamaşada bizim rol almaq fikrimiz yoxdur. Amma, digərləri necə hərəkət edəcəklər özləri bilər.

Amerikanın Səsi: Seçki prosesində qanun pozuntularının qarşısının alınması üçün müxalifətin birgə nəzarət mexanizmi necə qurulmalıdır?

Demokratik mübarizəyə başlamasaq həmin bu seçki tamaşası ritualları heç bir nəticə verməyəcək.

Əli Kərimli: İndiyədək çox seçkilərdə çoxlu mexanizmlərdən istifadə etmişik. Onlar heç nəyi dəyişməyib. Axırıncı prezident seçkilərində ATƏT-in özü etiraf etdi ki, (harada ki, onların müşahidəçiləri var idi. Siz təsəvvür edin ki, onların müşahidəçilərinin olmadığı məntəqələrin hamısında saxtakarlıq olub), hətta onların müşadhidəçiləri olan məntəqələrin 58 faizində seçkilərin nəticələri saxtalaşdırılıb. Bu qədər faktlar hansı nəticəni doğurub ki? İndi əlavə hansısa faktların, bülletenlərin topa salınması barədə videoların meydana çıxması nəyi dəyişə bilər ki? Siyasi iradə dəyişməlidir. Azərbaycan cəmiyyəti nəhayət bu vəziyyətdən bezməlidir. Ölkədə bütövlükdə millət hamılıqla ayağa qalxıb demokratik dəyişikliklər üçün çalışmalıdır. Biz Milli Şura, AXCP olaraq onun üçün çalışırıq ki, yüz minlərlə Azərbaycan vətəndaşı nəhayət onun fərqində olsunlar ki, hamılıqla dinc, demokratik mübarizəyə başlamasaq həmin bu seçki tamaşası ritualları heç bir nəticə verməyəcək.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Tamamilə ümidlər tıxanandan sonra günün birində Azərbaycan xalqı məsuliyyəti öz üzərinə götürəcək.

Əli Kərimli: Əlbəttə, daha rahat çıxış Azərbaycan hökumətinin bütün bu çətinlikləri, ölkənin sosial partlayışa doğru, ciddi siyasi kataklizmlərə getdiyini nəzərə alaraq özünün müəyyən islahatlara getməsi, beynəlxalq təşkilatların, Azərbaycan cəmiyyətinin tələblərini, müxalifətin təkliflərini qəbul etməsi olardı. Bu daha dinc, demokratik inkişaf üçün meydan yaradardı. Amma, Azərbaycan hökuməti buna getməyəcəksə, deməli bir az tez, bir az gec Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq, hamılıqla dinc, demokratik mübarizəyə qoşulacaq. Ola bilsin ki, bu gün hələ də xalqın ümidi var ki, başqa vasitələrlə dəyişikliklər ola bilər. Amma, tamamilə ümidlər tıxanandan sonra günün birində Azərbaycan xalqı məsuliyyəti öz üzərinə götürəcək.

Müəlliflərdən: Rəsmi Bakı ölkədə seçkilərin demokratik, azad və ədalətli keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını bildirir. Hökumət rəsmiləri seçki prosesinə müdaxilə ilə bağlı deyilənləri və beynəlxalq hesabatları qəbul etmir.