Əli İnsanov qardaşının dəfnində iştirak üçün müraciət edib

Əli İnsanov

Oktyabrın 26-da həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun vəkilləri onun qardaşının yas mərasimində iştirakına şərait yaradılması üçün 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərinə yazılı müraciət edib. Bu barədə Amerikanın Səsinə vəkil Toğrul Babayev bildirib.

Əli İnsanovun qardaşı Məhəmməd İnsanov vəfat edib. O, bu gün dəfn ediləcək.

Vəkillər bu gün 13 saylı cəzaçəkmə müəssisəsində Əli İnsanovla görüşüb.

“Ona qardaşının vəfatı ilə bağlı məlumat verilməmişdi. İnsanova məlumatı biz verdik. Ümid edirik ki, 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri tezliklə Əli İnsanovun qardaşının yas mərasimində iştirakı ilə bağlı müraciətimizə cavab verəcək”, vəkil Babayev qeyd edib.

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.