Prezident Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu həftə Ağ Evdə zirvə görüşü iki ölkə arasında münasibətlərdə gərginliyin artdığı bir vaxt keçirildi. NATO üzrə müttəfiqlər arasında bir sıra məsələlərlə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Birləşmiş Ştatlarda fəaliyyət göstərən Türkiyə İrsi Təşkilatının prezidenti Ali Çinar Amerikanın Səsinə müsahibəsində Tramp-Ərdoğan görüşü və ABŞ-Türkiyə münasibətləri haqda danışıb.
Ali Çinar Ağ Evdə prezident Tramp və prezident Ərdoğan arasında görüşün Türkiyə-Amerika münasibətləri üçün böyük əhəmiyyəti olduğunu qeyd edib. Onun sözlərinə görə, danışıqlarda irəliləyiş əldə edilməsə də, görüş tərəfləri narahat edən məsələlərlə bağlı dialoqun davam etdirilməsi baxımından önəmlidir. Ali Çinar həmçinin Amerika ictimai-siyasi dairələrində Türkiyə əleyhinə əhval-ruhiyyənin mövcud olduğunu vurğulayıb.
“Prezident Ərdoğan prezident Trampla birgə mətbuat konfransında sözdə erməni soyqırımı, Suriya, YPG-PKK məsələlərində ictimaiyyətə və mətbuata açıqlamalar vermək imkanı əldə etdi. Amma Vaşinqtonda hələ də Türkiyə əleyhinə ab-hava mövcuddur.”
Birləşmiş Ştatların hərbi qüvvələrini Suriyadan çıxarmasının ardınca Ankaranın Suriyanın şərqində Suriya kürdlərinə qarşı əməliyyatlara başlaması ABŞ və Türkiyə arasında gərginliyə səbəb olan əsas məsələlərdən biridir. Ali Çinar Ankara və Vaşinqton arasında kəskin fikir ayrılıqlarına səbəb olan başlıca məsələrləri qeyd edib.
Kontaktlar çox mühüm faktordur. Əks təqdirdə gərginlik daha çox artarsa, Türkiyə ilə Amerika arasındakı bağlar daha da gəriləcək, daha da çətinləşəcək.
“Birinci səbəb Suriyada YPG-PKK ilə Amerika Birləşmiş Ştatlarının çalışmasıdır. YPG PKK ilə bərabər olduğu üçün Türkiyə bu məsələdə Amerikanın NATO müttəfiqi ilə işləməsini istəyir, YPG, PKK-nın terror təşkilatları olduğunu bildirir. Bununla bağlı anlaşılmazlıq var. Suriyanın gələcəyi ilə bağlı Amerika ilə Türkiyənin siyasətində fərqlər olduğuna görə bu, birinci səbəbdir. İkincisi, Türkiyənin Rusiya ilə yaxınlaşmasıdır. Amerika Birləşmiş Ştatlarının S-400 alınması məsələsində narahatlıqları var...Üçüncüsü isə sanksiyalar məsələsidir.”
Ali Çinar iki ölkə arasında mövcud problemlərin yaxın zamanda həll ediləcəyini gözləmədiyini bildirib. Lakin onun sözlərinə görə, Birləşmiş Ştatlar və Türkiyə arasında münasibətlərdə gərginliyin mövcud olduğu bir vaxt Amerika ictimaiyyətində Türkiyə ilə bağlı mənfi yanaşmanın dəyişməsi üçün tərəflər arasında dialoqun davam etdirilməsi vacibdir.
“Kontaktlar çox mühüm faktordur. Əks təqdirdə gərginlik daha çox artarsa, Türkiyə ilə Amerika arasındakı bağlar daha da gəriləcək, daha da çətinləşəcək. Çünki hazırkı anda çox məsələ var, çox problem var.”