Vaşinqtonun Türkiyənin iki nazirinə qarşı amerikalı rahib Endrü Bransonun saxlanması ilə əlaqədar sanksiyalar tətbiq etməsindən sonra NATO müttəfiqləri olan Amerika Birləşmiş Ştatları və Türkiyə arasında münasibətlərdə gərginlik daha da artıb. ABŞ-ın Maliyyə Nazirliyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülün Bransonun həbsində oynadıqları rolla əlaqədar sanksiyalar siyahısına salındığını bəyan edib. Rəsmi Ankara ABŞ sanksiyalarına cavab veriləcəyi ilə hədələyib. Müşahidəçilər iki müttəfiq ölkə arasında münasibətlərdə gərginliyin artmasını narahatlıqla izləyir. ABŞ-dakı Türkiyə İrsi Təşkilatının prezidenti Ali Çinar Amerikanın Səsinə müsahibəsində ABŞ-ın qərarının mümkün təsirlərindən danışıb və Birləşmiş Ştatlar və Türkiyənin məsələni dialoq yolu ilə həll edə biləcəyinə ümid bəslədiyini deyib.
Ali Çinar ABŞ-ın Türkiyənin iki nazirinə sanksiyaların tətbiq edilməsi qərarını təəssüf hissi ilə qarşıladığını deyib. Türkiyə İrsi Təşkilatının prezidenti sanksiyaların iki ölkə arasında münasibətlərə zərər vura biləcəyini bildirib. O deyib ki, gərginliyin artması davam etsə, sanksiyalar siyahısına əlavə rəsminin adı salına bilər.
FETÖ məsələsi, Fəthullah Gülənin geri qaytarılmaması, rahib məsələsi kimi problemlər qalır.
“İki nazirə-daxili işlər naziri Süleyman Soylu və Ədalət naziri Əbdülhəmid Gülə sanksiyalar, onların Amerikadakı hesablarının dondurulması, onların ölkəyə daxil olmasına qadağa qoyulması ağır sanksiyalardır. Bu siyahı genişlənə bilər. Bunun ilk təsiri bu ola bilər. İkincisi isə iqtisadi sanksiyalar qoyula bilər.”
Ali Çinar deyib ki, Türkiyənin sanksiyalara cavab olaraq eyni addımların atılması kimi qərar verə biləcəyini gözləmək mümkün olsa da, o, məsələnin diplomatik yolla həllinə ümid bəsləyir. O, ilk növbədə, Türkiyə və Amerika arasında etibarın bərpasının vacib olduğunu bildirib.
Türkiyənin bir ortaq yol tapıb, Amerika ilə etimadı yeniləməsi lazımdır. Eyni şəkildə Amerikanın da Türkiyə ilə gözləntilərini bir araya gətirməsi lazımdır.
“Prezident Tramp dövründə Türkiyə-Amerika münasibətləri gözlənildiyindən daha pis oldu. Hərbi sahədə birgə əməkdaşlıq davam edir, xüsusilə də Münbic məsələsində. Pentaqonun Türkiyə hərbi qüvvələri ilə münasibətləri yaxşıdır. Amma ümumilkdə FETÖ məsələsi, Fəthullah Gülənin geri qaytarılmaması, rahib məsələsi kimi problemlər qalır.”
Ali Çinarın sözlərinə görə, Türkiyənin Rusiyadan S-400 raket müdafiə sisteminin alınması qərarı da Vaşinqtonda narahatlıqla qarşılanır.
“Bu səbəbdən Türkiyənin bir ortaq yol tapıb, Amerika ilə etimadı yeniləməsi lazımdır. Eyni şəkildə Amerikanın da Türkiyə ilə gözləntilərini bir araya gətirməsi lazımdır. Qarşılıqlı əlaqələr, açıq dialoq və bir-birilərini daha yaxşı anlaması mühümdür.”