Ali Məhkəmə 240 gün aclıq edən jurnalisti azadlığa buraxmayıb

Your browser doesn’t support HTML5

İyulun 2-də Azərbaycan Ali Məhkəməsi Azel.TV saytının təsisçisi, həbsdə olan Əfqan Sadıqovun kassasiya şikayətini qismən təmin edib. Məhkəmə onun cəza müddətini 6 ildən 4 ilə qədər azaldıb. Əfqan Sadıqov artıq 240 gündür aclıq edir.

"Bu, ədalətsiz və qanunsuz qərardır. Baş prokuror məni qəbul etdi və işə obyektiv baxılacağını vəd etdi, ancaq bu baş verdi. Əgər işə obyektiv və ədalətli baxsaydılar, Əfqana bəraət verməli və azad etməliydilər.

Mahiyyətcə bu, ədalət tələbilə 240 sutka ərzaq qəbulundan imtina edən adama "ölüm hökmü"dür," jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə deyib.

Sevinc Sadıqova

Müdafiə tərəfi kassasiya şikayətində Əfqan Sadıqova bəraət verilməsini xahiş edib. Bu, onunla əsaslandırılıb ki, işdə onun tərəfindən zorla pul tələb etmə faktı yoxdur, rüşvət almağa təhrik var. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarına əsasən, belə hallarda şəxs cinayət təqibinə məruz qala bilməz.

“Digər tərəfdən, iş üzrə digər fiqurantın, bilavasitə rüşvət alan şəxsin barəsində şərti cəzanın çıxarılması Əfqan Sadıqova qarşı planlaşdırılmış təxribatın göstəricisidir,” vəkil Zibeydə Sadıqova sədrlik edənin diqqətinə çatdırıb.

Jurnalist qabaqcadan planlaşdırılmış kollektiv plan nəticəsində həbs edilib. O heç kimdən rüşəvt tələb etməyib. Əksinə ona icra hakimiyyətinin nümayəndələri rüşvət təklif edib. Bu halda cinayətin subyekti jurnalist deyil, icra hakimiyyətinin nümayəndəsidir. Məhkəmə jurnalistə rüşvət təklif edən tərəfin hərəkətlərinə hüquqi qiymət verməlidir
Rüfət Səfərov, hüquq müdafiəçisi

Bu zaman, prokuror Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edərək onun himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq daha az cəza təyin edilməsini xahiş edib. Bununla yanaşı, o, həbs müddətinin 4 ilədək azaldılmasını təklif edib. Hakim bununla razılaşıb və müddəti azaldıb.

"Tərtər işi" (111 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 8 nəfər ölüb) üzrə hərbçilərə qarşı işgəncələrdə ittiham olunanları cəmi 2-3 il müddətinə mühakimə ediblər. Baxmayaraq ki, bu şəxsləri 11-12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi. 240 gün aclıq aksiyası nəticəsində sağlamlığının pozulmasına baxmayaraq, Əfqan Sadıqova 4 il veriblər," vəkil deyib.

Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədir.

Rüfət Səfərov

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, jurnalistlə bağlı Ali Məhkəmənin qərarı sifarişlidir.

"Necə olur ki, eyni ittihamla günahlandırılan Əfqan Sadıqova ağır cəza verirlər, digər şəxsi həbs etmirlər. Jurnalist qabaqcadan planlaşdırılmış kollektiv plan nəticəsində həbs edilib. O heç kimdən rüşvət tələb etməyib. Əksinə ona icra hakimiyyətinin nümayəndələri rüşvət təklif edib. Bu halda cinayətin subyekti jurnalist deyil, icra hakimiyyətinin nümayəndəsidir. Əslində, məhkəmə jurnalistə rüşvət təklif edən tərəfin hərəkətlərinə hüquqi qiymət verməlidir," o qeyd edib.

Azel TV-nin rəhbəri Əfqan Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Noyabrın 4-dən o, etiraz əlaməti olaraq aclıq elan edib. Yanvarın 28-də Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək azaldıb. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.