Ali Məhkəmə blogerləri həbsdən azad etməyib

Ali Məhkəmə blogerləri həbsdən azad etməyib

Ali Məhkəmə blogerlərlərin kassasiya şikayətini təmin etməyib

Avqustun 19-da Ali Məhkəmə blogerlər Emin Milli və Adnan Hacızadənin azadlıqdan məhrum edilməsi üzrə aşağı instansiya məhkəmə qərarından verilən kassasiya şikayətini təmin etməyib.

Vəkil İsaxan Aşurov bildirib ki, blogerlərin işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.

Adnan Hacızadə və Emin Milli 2009-cu ilin iyulunda Bakıda kafelərin birində fiziki hücuma məruz qalıb. Onlar polisə müraciət edib və hücum edənlərin cəzalandırılmasını istəyib. Hüquq-mühafizə orqanları isə əksinə blogerləri saxlayıb. Onlar Cinayət Məcəlləsinin xuliqanlıq və qəsdən bədənə az ağır xəsarət yetirmə maddələri ilə günahlandırılıb. 2009-cu il noyabrın 11-də Səbael rayon məhkəməsinin hokmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi 2010-cu il martın 10-da hökmü qüvvədə saxlayıb.

Blogerlər və hüquq müdafiəçiləri məhkəmə hökmünü sifarişli adlandırıb. Onlar hesab edir ki, blogerlər sosial şəbəkələrdə yerləşdirdiyi Azərbaycan hökumətinin fəaliyyətini tənqid edən satirik video materiala görə həbs edilib. Emin Milli və Adnan Hacızadə beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınıb. Çoxsaylı beynəlxalq təşkilatlar blogerlərin həbsdən azad edilməsini tələb edib. Amerika Dövlət katibi Hillari Klinton da bu il iyulun 4-də Bakıya səfəri zamanı blogerlərin məsələsini dövlət rəsmiləri ilə görüşündə qaldırdığını deyib. O blogerlərin tezliklə azadlığa buraxılacağına ümid etdiyini bildirib.

“Media Hüququ” İnstitutunun direktoru Rəşid Hacılı blogerlərin azadlığa buraxılmasını mümkün sayır. “Hesab edirəm ki, blogerlərin azadlıq məsələsi yalnız siyasi qərarla mümkündür. Bu mənada prezident onları əfv edə bilər”.

Cənab Hacılı həmçinin həbsdə olan jurnalist Eynulla Fətullayevə qarşı ittihamların əsassızlığını da deyib. “Eynulla Fətullayevin yazdıqlarından daha kəsin fikirlər indi də mediada yer alır. İrana qarşı müharibə problemi barədə məlumatlarda tanınmış politoloqlar belə bu ölkənin Azərbaycanın mühüm obyektlərini hədəf alacağını bildirir. E.Fətullayevin belə fikirlərinin xarici təşkilatlarda təşviş yaratması ilə bağlı məhkəməyə müraciət edən xarici işlər naziri hazırda susur. Jurnalistin atası naziri məhkəməyə vermək fikrindədir”, - deyə o qeyd edib.