Apellyasiya Məhkəməsi Əli Əliyevi ev dustaqlığına buraxmayıb

Əli Əliyev

Bakı Apellyasiya Məhkəməsində (BAM) "Vətəndaş və İnkişaf" Partiyasının (VİP) lideri Əli Əliyevin şikayətinə baxılmasına başlanıb. Məhkəmə Əli Əliyevi ev dustaqlığına buraxmayıb.

2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbçi həlak olub, iki nəfər yaralanıb. Helikopterin qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə verib.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” YouTube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. Əli Əliyev, həmçinin helikopter qəzasında Rusiyanın əlinin olması ehtimalını da istisna etməyib.

Helikopter qəzası faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

Baş Prokurorun birinci müavini Elçin Məmmədov bildirib ki, qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıb.

Partiya sədri yanvarın 13-də Bakının Yasamal Rayon Məhkəməsi tərəfindən böhtan ittihamı ilə beş ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bakı Apellyasiya Məhkəməsində vəkillər iddianın əsassız olduğunu bildirərək cinayət icraatına xitam verilməsi haqqında vəsatət qaldırıblar.

Xüsusən, Əliyevin 14 hərbçinin həyatına son qoymuş qəza ilə bağlı öz nöqteyi-nəzərini ifadə etdiyi qeyd edilib. O, sadəcə olaraq qəzanın səbəblərinə dair rəsmi versiyaya şübhə etdiyini bildirib. Bu zaman o, şəxsi olaraq heç kimə böhtan atmayıb.

Vəkil Cavad Cavadov qeyd edib ki, Yasamal rayon Məhkəməsində proses prosessual normaların kobud şəkildə pozulması ilə keçirilib.

"Əli Əliyevin son sözlə çıxış etməsinə imkan verməyiblər. Vəkillərin yekun çıxışa hazırlaşmasına da imkan verilməyib. Birinci instansiya məhkəməsində prosesin audioyazılarının araşdırılması bu pozuntuları təsdiq edərdi. Bu pozuntular artıq hökmün ləğvi üçün əsasdır. Biz həmçinin cinayət icraatına xitam verilməsə, Əliyevin ev dustaqlığına köçürülməsi barədə vəsatət qaldırdıq," Cavadov bildirib.

Vəkil Aqil Layıc da birinci instansiya məhkəməsindəki pozuntuların hökmün ləğvi üçün yetərli olduğunu hesab edir. Belə ki, hələ hökm oxunmazdan əvvəl hakim Əliyevin azadlığını məhdudlaşdırıb, nahar fasiləsində onun zaldan çıxmasını qadağan edib.

"Hansı əsaslarla? Məhkəmə həbsxana deyil. Rəsmi məhkəmə qərarı olmadan şəxsin azadlığının məhdudlaşdırılması Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddəsinin pozuntusudur. Daha sonra hakim məhkəmə zalında Əliyevin vəziyyətinin pisləşməsinə və "təcili tibbi yardım" həkimlərinin onun qan təzyiqinin 220-yə qədər yüksəldiyini bildirməsinə baxmayaraq, prosesi davam etdirib," o bildirib.

Apellyasiya Məhkəməsi heç bir vəsatəti təmin etməyib, növbəti iclası fevralın 14-nə təyin edib.