Ximki şəhər məhkəməsi rusiyalı müxalif siyasətçi Aleksey Navalnının 30 gün müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Məhkəmə iclası Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhər dairəsinin polis şöbəsində keçirilib. Bundan əvvəl isə vəkilləri siyasətçinin yanına buraxılmamışdı; məhkəmə başlamazdan bir müddət əvvəl onlara məhkəmə barədə bildiriş verilib. Navalnı baş verənləri "ən yüksək dərəcədə qanunsuzluq" adlandırıb.
Məhkəmə iclasında Daxili İşlər Nazirliyinin nümayəndəsi Navalnının sınaq müddətinin şərtlərini “dəfələrlə” pozduğunu, ona və vəkilinə xəbərdarlıq etdiyini bildirib.
"17 yanvar 2021-ci ildə onun yeri müəyyən edildikdən sonra məhkum 48 saata qədər müddətə saxlanılıb" deyə, Daxili İşlər Nazirliyinin sözçüsü qeyd edib. Life Shot xəbər verir ki, sözügedən şəxs Navalnının 30 gün müddətinə həbs edilməsini istəyib.
Siyasətçini dəstəkləməyə gələn jurnalistlər və vətəndaşlar məhkəmə binasının yaxınlığında toplaşıblar. "Mediazona" onların sayının təxminən iki yüz olduğu haqda məlumat verib. Navalnının nümayəndəsi Kira Yarmiş bildirib ki, jurnalistlər də daxil olmaqla heç kim içəri buraxılmayıb. "Əla şəffaflıq var" deyə, o əlavə edib.
Daxili İşlər Nazirliyi daha sonra polis şöbəsində məhkəmə prosesinin burada keçirilməsini Navalnının koronavirus testlərinin nəticələrinin olmaması ilə izah ediblər. Məhkəmə salonuna giriş "sanitar-epidemioloji təhlükəsizliyi təmin etmək" üçün məhdudlaşdırılıb. Navalnı bütün jurnalistlərin iclasa buraxılmasını tələb edib.