Alyaskada baş verən torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb, 3 nəfər itkin düşüb

Alyaskanın cənub-şərqindəki ucqar bir balıqçı qəsəbəsində güclü yağış dağ yamacındakı meşəlikdə torpaq sürüşməsinə səbəb olub və nəticədə 3 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Eni 137 metr olduğu təxmin edilən sürüşmə bazar ertəsi axşam saat 9 radələrində ştatın paytaxtı Cunodan təxminən 250 kilometr cənubda, 2000 nəfərlik əhalisi olan Renqel yaxınlığında güclü yağış və fırtına zamanı baş verib.

Xilasetmə qrupları ilkin axtarışlar zamanı bir qızın, çərşənbə axşamı gecə saatlarında isə dron operatoru iki yaşlının cəsədini aşkar edib. Xilasetmə qrupu təbii fəlakətdən sonra iki uşaq və bir yaşlını axtarmaq üçün itlərdən və istilik ölçən dronlardan istifadə edib. Sahil Mühafizəsi və gəmilər daş, ağac və palçıqla dolu sahildə axtarış aparıb.

Alyaska ştatı polis idarəsinin sözçüsü Ostin Makdaniel bir evin yuxarı mərtəbəsindəki bir qadının xilas edildiyini deyib. Qadının vəziyyətinin yaxşı olduğu və ona tibbi yardım göstərildiyi bildirilib. Makdanielin dediyinə görə, xəsarət alan üç evdən biri boş olub.

"İcmamız mətindir. Və belə faciələr zamanı həmişə bir araya gəlir. Biz sındıq, lakin möhkəmik və itkin düşən hər kəsi tapmaqda qərarlıyıq" - deyə, Renqel dairəsinin müvəqqəti meneceri Meyson Villarma Associated Press agentliyinə telefonla verdiyi müsahibəsində bildirib.

Ştatın qubernatoru Mayk Danlivi Renqeldəki fəlakətlə bağlı bəyanat verərkən, özünün və həyat yoldaşının ürəklərinin parçalandığını və bütün zərər çəkənlər üçün dua etdiyini bildirib.