Respublikaçılar Prezident Co Baydenin illik hesabat məruzəsinə cavab vermək üçün ən gənc senatorlarından birini, Alabama ştatından Keyti Briti seçib. O, ümummilli səhnədəki 15 dəqiqəsindən istifadə edərək, Baydenin immiqrasiya siyasəti ilə bağlı qorxuları artırdı və onun iqtisadiyyat, ədliyyə və xarici siyasətlə bağlı idarəçiliyini tənqid etdi.
“O bizi dünya səhnəsində məzə obyektinə çevirir,” Brit, ev mətbəxinə bənzəyən bir məkanda öncədən yazılan çıxışında dedi.
ABŞ Prezidenti Co Bayden cümə axşamı gecəsi illik hesabat məruzəsi nitqində işliliyin artdığını və inflyasiyanın azaldılmasını və ümumilikdə iqtisadi dirçəlişi önə çəkdi. Məruzənin başlıca tezilərindən biri isə demokratiyanın həm Amerikada həm də dünyada qorunması oldu.
“Mən demokratiyanı, azaltdığımız deyil, müdafiə etdiyimiz bir gələcək görürəm. Mən başqa azadlıqları əlimizdən almaq deyil, seçmək və qorumaq hüququnu bərpa etdiyimiz bir gələcək görürəm,” Bayden çıxışında bildirdi.
“Bildiyimiz və sevdiyimiz ölkə sanki əlimizdən gedir,” 42 yaşlı iki uşaq anası Keyti Brit dedi. “Elə hiss olunur ki, gələcək nəslin bizdən daha az imkanları və daha az azadlığı olacaq. Mən narahatam ki, mənim övladlarımın Amerika xəyallarını yaşamağa macal tapmayacaq.”
Üç məşhur Respublikaçı nadir addım ataraq Baydenin çıxışından öncə bəzilərinin “əvvəlcədən təkzib” adlandırdığı bəyanatla çıxış etdi.
“Prezident Baydenin siyasəti təkcə üç ildə Amerikanın iqtisadiyyatdan tutmuş milli təhlükəsizlik və xarici siyasətə qədər hər bir məsələdə Amerikanın tənəzzülünü tez bir şəkildə sürətləndirdi,” Nümayəndələr Palatasının spikeri Mayk Conson cümə axşamı səhər saatlarında dedi.
Senatın azlıq lideri Mitç Makkonnel Senatdan çıxış edərək, Baydenin xarici siyasətini, iqtisadi qərarlarını və “solçu” mövqelərini tənqid etdi.
“Mən xalqın indiyə qədər Senata seçilmiş ən gənc Respublikaçı qadından və konfransımızın ən parlaq ulduzlarından birindən birbaşa eşitməsinə görə şad olacam,” o deyib.
Baydenin əsas rəqidi Donald Tramp da rəqibini “zəif” adlandırdı və dedi ki, “Saxtakar Baydenə “SƏN İŞDƏN QOVULDUN” deməyin vaxtıdır.”
Brit ABŞ-ın 2021-ci ildə Əfqanıstandan xaotik şəkildə geri çəkilməsini və administrasiyanın İranla nüvə silahlarına nəzarət razılaşmasını canlandırmaq üçün iflasa uğrayan cəhdi əsas gətirərək Baydenin xarici siyasətini tənqid etdi.
O, Baydenin Ukrayna və İsrail üçün əlavə yardım tələbinin əleyhinə səs verən 29 senatordan biridir, baxmayaraq ki, daha öncə İsrailə güclü dəstəyini ifadə edib.
İmmiqrasiya məsələsində Brit hazırda ABŞ-ın cənub sərhədindəki miqrant sayına görə Baydeni günahlandırdı və vəziyəti “mənfur” və “demək olar ki, tamamilə qarşısı alına bilən” adlandırdı.
O, bu yaxınlarda Corciyada 22 yaşlı Leyken Rayli adlı qadının qətlinə istinad etdi. Onun qətlində ABŞ-a qanunsuz daxil olan və daha sonra şərti azadlığa buraxılan Venesuela vətəndaşı ittiham olunub.
“Cənab Prezident, bəsdir,” Brit dedi. “Günahsız amerikalılar ölür və siz sadəcə olaraq özününü günahlandırmalısınız.”
O, həmçinin Baydenin iqtisadiyyatla bağlı siyasətini də tənqid etdi.
“Zəhmətkeş ailələr bu gün dolanmaqda çətinlik çəkirlər. Onlar həm də artan ipoteka faizləri və yüksək uşaq baxımı xərcləri səbəbilə gələcəklə bağlı plan qurmaqda çətinlik çəkirlər. Prezident qürurla Bidenomics-in işlədiyini elan etdiyi bir vaxtda, Amerika xalqı çətinliklə dolanır!”
Prezident Bayden çıxışının əvvəlində ölkə iqtisadiyyatının yaxşılaşmasını və pandemiyanın səbəb olduğu tənəzzüldən çıxmasını xüsusi olaraq vurğuladı.
“Mən vəzifəyə gələndə bizi ölkə tariximizin ən çətin zamanlarından çıxarmaq qətiyyətində idim. Və biz bunu etdik. Bu, xəbərlərə çıxmır, amma minlərlə şəhər və qəsəbədə amerikalılar heç vaxt danışılmamış ən böyük geri dönüş hekayəsini yazırlar,” o dedi.
O, üç ildə 15 milyon yeni iş yerinin açılmasına, işsizlik səviyyəsinin son 50 ildə ən aşağı səviyyədə olmasına və rekord sayda 16 milyon amerikalının kiçik biznes açmasına istinad etdi.
Bayden həmçinin Affordable Care Act adı ilə tanınan sığorta planını qorumağa sadiqliyini vurğuladı.
Bundan əlavə onun hədəfində iri korporasiyalar və milyarderlər üçün vergi güzəştlərinin dayandırılması var.
Prezident seçkiləri ilində siyasi gərginliklərin artması fonunda Prezident Baydenin illik hesabat məruzəsində səsləndirilən bir çox mövzuların debat subyekti qalacağı gözlənilir.