Məcburi köçkünlər aksiya keçirib [Video]

Onlar dondurulmuş əmək haqlarının ödənilməsini tələb edib

İyunun 5-də büdcə təşkilatlarında çalışan 200-dən artıq məcburi köçkün Nazirlər Kabinetinin qarşısına toplaşıb. Onlar dondurulmuş əmək haqlarının ödənilməməsinə etiraz edib.

"Bizi aldatdılar. 1 il yarımdır ki, əmək haqlarımızı vermirlər. Bir neçə dəfə bizə burada (Nazirlər Kabineti) söz verdilər ki, əmək haqlarınız veriləcək. İş yeri də veriləcəyinə söz verirdilər, ancaq əməl etmədilər, aldatdılar", Əsmər adlı aksiya iştirakçısı deyib.

İştirakçılar bildiriblər ki, köçkün düşdükdən bu yana onlara itirdikləri iş yerlərinə görə, orta aylıq əməkhaqqı həcmində ödənişlər edilib. Ancaq ötən ildən həmin ödənişlər dondurulub.

"Bizim yeganə alacağımız həmin vəsaitdir. 25 ildir, həll ediləcək, torpagınıza qayıdacaqsınız deyirlər, başımızın altına yastıq qoyurlar. İndi bizi bu cüzi vəsaitdən də məhrum ediblər. Deyirlər ki, 25 il keçib, status vaxtımız bitib", iştirakçılar deyib.

Aksiya iştirakçıları bildirib ki, onları aidiyyatı olmayan məmurlar qəbul edir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, başqa səlahiyyətsiz qurumlara yönləndirirlər. Beləcə, problem cözülməmiş qalır.

Məcburi köçkünlərin aksiyası 2 saata qədər davam edib. "Baş Nazir, bizi qəbul et!" şüarı səsləndirən məcburi köçkünləri rəsmilər qəbul etməyib.

Məcburi köçkünlərin şikayətinə Nazirlər Kabinetindən və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən münasibət öyrənmək mümkün olmayıb.