Aksiyada iştirak edən AXCP fəalları cərimələnib

Oktyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edən bir qrup fəalından saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları - Fuad Əhmədov, Fərid Nağıbəyli və Rəvan Babayev oktyabrın 6-da azad ediliblər.

Xəzər Rayon Məhkəməsi onların hər birini 70 manat cərimə edib və sərbəst buraxıb.

Aksiya iştirakçıları partiyanın fəalı Niyaməddin Əhmədovun azadlığa buraxılmasını tələb ediblər.

Aksiya Əhmədovun saxlanıldığı yerdə, Penitensiar Xidmətin Binə qəsəbəsindəki müalicə müəssisəsinin binası qarşısında keçirilib. Aksiya zamanı 14 nəfər, o cümlədən 4 jurnalist saxlanılıb. Polis saxladıqdan sonra belə fəallara güc tətbiq edib.

Saxlanılmış 11 nəfər bir neçə saatdan sonra buraxılıb.

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov sentyabrın 22-dən quru aclıq edir. Əli Kərimli Niyaməddin Əhmədovdan aclıq aksiyasının dayandırılmasını xahış edib.

Öz növbəsində bu məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

İxtisaslaşdırılmış Müalicə Müəssisəsi isə onun yalnız COVİD-19 virusuna yoluxduğunu bildirib.

Niyaməddin Əhmədov ötən il aprelin 16-da İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejiminin pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 30 gün həbs edilib. Mayın 16-da, həbsdən azad edilməli olan gündə isə ona qarşı cinayət məcəlləsinin (CM) 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən, Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Habil Məmmədov terror aktlarının hazırlanması məqsədilə Niyaməddin Əhmədova pul göndərib.

AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Habil Məmmədov da ittihamı yalanlayıb.