"Airbus A340-500" tipli sərnişin təyyarəsi Füzuli hava limanında sınaq enişi edib

Airbus A340-500

Sentyabrın 5-də Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək Füzuli beynəlxalq hava limanında eniş edib.

Bu barədə "Azərbaycan Hava Yolları"nın Mətbuat xidməti bildirib.

Füzuli hava limanı azad edilmiş ərazilərdə tikilmiş ilk hava limanıdır. Bu səbəbdən simvolik olaraq həmin təyyarə "Qarabağ" adını daşıyır.

Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edir.

“Füzuli hava limanı beynəlxalq hava limanları münasibətdə irələ sürülən bütün yüksək tələblərə uyğun şəkildə inşa edilib,” AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

AZAL-ın məlumatında deyilir ki, Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verir. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam imzalayıb. Hava limanının təməlqoyma mərasimi yanvar ayının 14-də olub.

Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni silahlı birləşmələrinin nəzarətinə keçib. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında yenidən hərbi əməliyyatlar başlayıb. Füzuli rayonunun ərazisi 2020-ci il oktyabrın 17-də azad edilib. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Qeyd edək ki, dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi davam edir.