Suriyanın şərqində hava hücumlarında İranın dəstəklədiyi 6 militantın öldürüldüyü bildirilir

İraqın yarı-hərbi dəstələrinin iki üzvü The Associated Press-ə bildirib ki, şənbə günü Suriyanın şərqində İraqla strateji sərhəd keçid məntəqəsinə üç hava hücumunda İranın dəstəklədiyi altı militant öldürülüb.

Sərhəd bölgəsi olan Bukamala hücumlar İslami Müqavimət kimi tanınan İranın dəstəklədiyi İraq militantlarından ibarət qrupun İraqın şimalında Ərbil şəhərnidə ABŞ hərbi bazasına hücumun məsuliyyəti üzərinə götürməsindən bir neçə saat sonraya təsadüf edib. Qrup oktyabrın 7-də HƏMAS-İsrail müharibəsi başlayandan bəri İraq və Suriyanın şərqində ABŞ mövqelərinə yüzdən çox hücum həyata keçirib.

Militantlar deyib ki, ölənlərin dördü Livanın güclü Hizbullah qrupunun üzvü, digər ikisi isə suriyalı olub. Onlar adlarının anonim qalması şərtilə danışıb, çünki mətbuata danışmağa icazələri yoxur. Onlar əlavə iki nəfərin yaralandığını bildirib.

Bu arada isə ərazidəki xəbərləri işıqlandıran fəallar kollektivi Deir Ezzor 24 bildirib ki, hava zərbələri iki militant postuna və bu yaxınlarda reaktiv yaylım atəşi sistemləri və döyüş sursatları ilə təchiz olunan silah anbarına tuş gəlib.

Britaniyanın dəstəklədiyi Suriya İnsan Hüquqları Müşahidə Qrupu bildirib ki, silah anbarından əlavə, hücumlar İraqdan Suriyaya gələn militantlar karvanını, eləcə də İranın hərbiləşdirilmiş İnqilab Keşikçiləri Korpusuna bağlı yarı-hərbi dəstələrin təlim keçdiyi yeri hədəf alıb.

O əlavə edib ki, hücumlar nəticəsində doqquz nəfər - üç suriyalı və digər millətlərdən olan altı nəfər ölüb.

Vaşinqton hücumla bağlı dərhal şərh verməyib, baxmayaraq ki, son iki ayda artan hücumlardan sonra İranın dəstəklədiyi yarı-hərbi dəstələrin mövqelərinə hücumların planlaşdırıldığını elan edib.

Prezident Co Bayden ABŞ-ın üç əsrəginin yaralanması ilə nəticələnən raket hücumundan sonra, ötən həftə ABŞ ordusuna İranın dəstəklədiyi iraqlı qruplara zərbələr endirməsini əmr edib.

Gərginliyin artması Bağdadı həssas vəziyyətə salıb. İraqın baş naziri Məhəmməd Şiə əl-Sudani onu hakimiyyətə gəlməsinə səbəb olan militant qruplarla İraqın xarici aktivlərinin saxlanıldığı Birləşmiş Ştatlar arasında gərginliyi azaltmağa çalışıb