Avstraliyada AİDS üzrə beynəlxalq konfrans Ukrayna səmasında vurulan Malaziya təyyarəsində həlak olmuş altı alimin xatirəsinin anılması ilə başlayıb.
Beynəlxalq AİDS Cəmiyyətinin prezidenti Fransua Barre-Sinussi Melburn şəhərində konfransın açılışı mərasimində bir dəqiqəlik sükut elan edib. O, AİDS 2014-cü il konfransının həlak olan alimlərin xatirəsinə həsr edildiyni bildirib.
Tanınmış Niderland alimi və Beynəlxalq AİDS Cəmiyyətinin keçmiş prezidenti Coep Lange və Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Glenn Tomas dünyanın hər yerindən 12 min fəal və mütəxəssisin iştirakı ilə keçirilən konfransda iştirak etmək üçün Amsterdamdan Malaziyaya uçan zaman Ukrayna üzərində vurulan təyyarədə idi. Onlarla uçan Langenin rəfiqəsi Caklin van Tongeren, "Stop AIDS now!" qrupunun nümayəndəsi Pim de Kayyer, Lüsi Vann Menss və Avropada "AIDS Action" qrupunun nümayəndəsi Maria Adriana de Shotter təyyarə vurulan zaman həyatını itirən 298 adam arasındadır.
Altı gün davam edəcək 20-ci illik konfransda AİDS-lə bağlı tədqiqatların bugünkü durumu, xəstəliyə icmaların reaksiyası, həmçinin xəstəliyə qarşı preventiv tədbirlərin görülməsi və müalicəsi kimi məsələlər müzakirə ediləcək.