İlham Əliyev Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

İlham Əliyev və Herbert Salber

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib.

Azərbaycan prezidüentinin rəsmi saytının məlumatına görə, Herbert Salber Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliyin narahatlıq doğurduğunu qeyd edib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Avropa Parlamentinin bu günlərdə keçirilən plenar iclasında təmsil etdiyi qurumun baş vermiş hadisələrə öz münasibətini bildirdiyini, bu istiqamətdə müzakirələrin aparıldığını vurğulayıb, məsələnin Avropa İttifaqının gələn həftə Lüksemburqda keçiriləcək Xarici Məsələlər Şurasında da müzakirəyə çıxarılacağını deyib.

Məlumatda deyilir ki, söhbət zamanı qeyd olunub ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların tarixinə nəzər saldıqda, Ermənistan ordusunun qoşunların təmas xəttində vaxtaşırı silahlı təxribatlar törətməsi müşahidə olunur. Azərbaycanın cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələri mütəmadi surətdə Ermənistan tərəfindən atəşə tutulur, uşaqlar, qadınlar, qocalar da daxil olmaqla, mülki əhali həlak olur. Bildirilib ki, məqsəd münaqişə ilə bağlı mövcud vəziyyəti olduğu kimi saxlamaqdır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.