Təbrizlilər Əhmədinejada: Sözlərinə əməl etməyən məsullar bizi cana gətirib


Mahmud Əhmədinejadın aprelin 27-də Təbriz səfəri əsnasında bir qrup etirazçı ilə qarşılaşdığını qeyd edən xəbər saytları bir etirazçının prezidentlə “əlbəyaxa” olduğunu bildiriblər.

“Etirazçılardan biri Əhmədinejadın avtomobili üzərinə çıxıb və onunla bir anlıq əlbəyaxa oldu,”-deyə Setak News veb səhifəsi yazıb. BBC Fars xidmətinin yazdığına görə, olayı yaxından görən ən azı bir şahid BBC ilə müsahibədə Setak News səhifəsinin yaydığı məlumatı təsdiqləyib.

Veb səhifələrdə yayılan şəkillərə istinadən etirazçılar özlərini “Nəsr kredit fondundan zərər çəkmişlər” kimi təqdim edib. Onların tutduğu plakatların birinin üzərində “cənab prezident, sözlərinə əməl etməyən məsullar bizi cana gətirib”- deyə yazılıb.

Yayılan məlumata əsasən Nəsr Kredit Fondunun müflis olması üzündən zərər çəkən əmanətçilər ötən günlər ərzində Şərqi Azərbaycan valiliyi qarşısında da piket keçiriblər.

İranın Azərbaycan şəhərlərində xalqın Əhmədinejada qarşı təpkisi əvvəllər də dəfələrlə media tərəfindən işıqlandırılıb.

2009-cu ilin mart ayında Urmu News xəbər qrupunun bir urmiyəlinin Əhmədinejada ayaqqabı atması ilə bağlı yaydığı xəbər ingilisdilli medianın gündəminə çıxmışdı.

Prezidentin Təbrizə etdiyi başqa bir səfərində isə onu qarşılamaq üçün zorla aparılmış tələbələr “Tıraxtur, Traxtur” deyə çağırış etmişdilər.