İyunun 29-da 60-a yaxın “Qara şəhər” sakini Prezident Administrasiyası qarşısında aksiya keçirib.
Sakinlərin növbəti aksiyalarına səbəb evlərinin sökülməsinə görə aldıqları kompensasiyanın azlığıdır. Sakinlər “Yeni Müsavat” a açıqlamalarında bildiriblər ki, hazırda Xətai rayonu, Fəhlə prospekti, Turşulu küçəsində yüzlərlə ev qanunsuz olaraq sökülür.
“Ağ şəhər” layihəsinə görə yüzlərlə sakinin evi sökülməsi nəzərdə tutulub. "Artıq söküntü işlərinə başlanılıb. Xətai Rayon İcra Hakimiyyəti polis gücünə bizi evimizdən çıxarır. Mənzillərin hər kvadratına 750-1000 manat verirlər. Bu məbləğə biz haradan ev ala bilərik?” deyə “Qara şəhər” sakinləri “Yeni Müsavat”a bildiriblər.
Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Zaməddin Əkbərovun Obyektiv TV-yə bildirdiyinə görə, "Ağ Şəhər" layihəsinin icrası əlaqədar söküntü işləri aparılır. "Buradakı evlərin 90 faizinindən çoxu sənədsizdir. Ancaq onlar sənədsiz olsa da, həmin evlər qiymətləndirilir və sakinlərlə qarşılıqlı razılıq əsasında müqavilə bağlandıqdan sonra sökülür" - deyə Zaməddin Əkbərov bildirib.