Ağ Evdə Novruz bayramı

Your browser doesn’t support HTML5

Novruz bayramı bu il ABŞ paytaxtı Vaşinqtonda Ağ Evdə də qeyd edilib. ABŞ-ın birinci xanımı Mişel Obama Novruz bayramının qeyd edildiyi ölkələrin Amerikada yaşayan nümayəndələrini Ağ Evdə qəbul edib və Novruz təbriklərini çatdırıb.

Toplaşanlara Novruz mübarək deyən birinci xanım Mişel Obama Ağ Evin bu bayramın qeyd edilməsi üçün çox münasib bir yer olduğunu deyib. “Ağ Ev Xalqın Evi deməkdir, yəni bizi bir ölkə halında birləşdirən mədəni və ənənə baxımından müxtəlifliyimizi əks etdirən bir yerdir”-deyə xanım Obama bildirib.

O, Novruz ənənəsindən danışaraq deyib ki, yazın gəlişi ilə əlaqədar 3 min ildən artıq tarixə malik bu bayram Yaxın Şərq, Asiya və düyanın bir sıra ölkələrində, o cümlədən Birləşmiş Ştatlarda da qeyd edilir. “Bu, torpağın yaz mövsümü yenilənməsinin qeyd edildiyi bir bayramdır. Bu dövrdə əvvəlki il dəyərləndirilir, qarşıdakı il sağlamlıq və firavanlıq üçün yeni təəhhüdlər verilir”-deyə xanım Obama bildirib.

Birinci xanım Mişel Obama Novruz münasibətilə Ağ Evdə xonça hazırlandığını, dəvət olunmuş qonaqlara yeməklər hazırlamaq üçün xüsusi aşbazın dəvət edildiyini qeyd edib.

Tədbirdə Amerikanın “İpək Yolu” rəqs ansamblı müxtəlif xalqların milli rəqslərindən ibarət konsert proqramı hazırlayıb. Ansambl “Nəlbəki” Azərbaycan xalq rəqsini ifa edib.