Ağ Ev: İŞİD-ə qarşı quruda genişmiqyaslı əməliyyatlar nəzərdə tutulmur

Birləşmiş Ştatlar Əfqanıstan, ya da İraqda olduğu kimi Suriya və İraqda İslam Dövləti qrupuna qarşı mübarizənin sürətləndirilməsi məqsədilə uzun müddətli və genişmiqyaslı əməliyyatların keçirilməsini nəzərdə tutulmadığını bildirib.

Müdafiə naziri Eşton Karter çərşənbə axşamı Konqresdə dinləmə zamanı deyib ki, strategiyada dəyişiklik əlavə hava hücumları və quruda mümkün əməliyyatları əhatə edə bilər.

Ağ Evin mətbuat katibi Erik Şults Eşton Karterin bəyanatına dəstək bildirərək, “Birləşmiş Ştatların Suriyada imkan daxilində tərəfdarşlarla məhdud əməliyyatlar keçirmək qabiliyyətini saxladığını” deyib.

“Biz böyük şəhərlərdə hücumlar və həmlələr keçirmirik. Söhbət reydlərdən gedir”-deyə ABŞ-ın başçılığı ilə İraqda koalisiyanın sözçüsü polkovnik Stiv Uorren bildirib.

Çərşənbə günü Konqresdə dinləmə zamanı danışan müdafiə naziri Eşton Karter deyib ki, keçən həftə ABŞ qüvvələrinin İraqda 70 girovun azad edilməsi üçün kürd qüvvələrinə yardım etdiyi reydlər kimi başqa reydlər də keçirilə bilər. Həmin reyd zamanı ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin bir zabiti həlak olmuşdu.

O, ABŞ-ın quruda hansı şəraitdə əməliyyatlara cəlb oluna biləcəyi ilə bağlı bir söz deməyib, lakin bildirib ki, “onlar yerləşdiriləndən sonra bizim hədəf ala bilməyəcəyimiz obyekt ola bilməz.”

Prezident Barak Obama 2011-ci ildə ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılmasından sonra İslam Dövləti qrupuna qarşı İraq və Suriyada hava hücumlarının başlamasına baxmayaraq, Amerikanın quru qüvvələrinin bu ölkələrdə hərbi əməliyyatlarda iştirakını istisna edib.