Afrin döyüşlərində qarşılıqlı itkilər var

Türkiyə hərbi qüvvələrinin verdiyi məlumata görə, cümə axşamı Suriyanın Afrin şəhərində səkkiz Türkiyə əsgəri öldürülüb, 13 isə yaralanıb.

Ordu bildirib ki, yaralanmış əsgərlər təxliyə edilib və hazırda müalicə olunur. Əlavə məlumat verilməyib.

Cümə günü isə Türkiyənin döyüş təyyarələri Suriya tərəfdarı qüvvələrinin Afrində iki mövqeyinə hücum edərək, 17 nəfəri öldürüb. Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə qrupu bildirir ki, hava hücumları Camma kəndini hədəf alıb.

Afrindən cəsədlər helikopter vasitəsilə təcili tibbi yardım maşınlarına aparılıb.

Hücum zamanı ölən YPG yarı-hərbi dəstələri üzvlərinin sayı ilə bağlı müxtəlif məlumatlar var.

Türkiyə və müttəfiqi olan Suriyanın üsyançı qrupları yanvar ayında YPG-ni Afrindən çıxarmaq məqsədilə əməliyyat başladıb.

Ankara kürd yarı-hərbi dəstəsinin Türkiyə daxilindəki qiyamçılarla əlaqəsinin olduğunu düşünür.