2017-ci il Afrika demokratiyaları üçün çətin keçdi [Video]

Your browser doesn’t support HTML5

2017-ci il Afrika demokratiyası üçün dinamik, amma bir o qədər də çətin keçdi. Anqoladan tutmuş Zimbabveyə kimi bir çox yerdə böyük siyasi dəyişikliklər oldu. Amma qitənin yeni liderləri bu dəyişiklikləri əsl demokratik mədəniyyətin inkişafı olaraq görsə də, təhlilçilər bunun sadəcə demokratiya görüntüsü olduğundan narahatdır.

2017-ci ildə Afrikada kəskin siyasi dəyişikliklər oldu. Bunlardan biri Zimbabvenin uzun müddətdir lideri olan Robert Muqabenin gözlənilməz istefası idi.

Rejim dəyişməyib, davam edir. Yeganə fərq hakimiyyətin başındakı fiqurdur, amma onlar da keçmiş prezindetlərin silahdaşları və ya ən böyük tərəfdarlarıdır. Mən isə bunun böyük dəyişiklik olduğunu düşünmürəm. Ölkə başçısının dəyişməsi lazımi dəyişiklik deyil.
Ceqqan Qrey-Conson

Bundan əlavə Anqolanın prezidenti Hose Eduard Dos Santos da hakimiyyətdə keçirdiyi 38 ildən sonra istefa verdi.

Bəzi yeni liderlər hakimiyyətlərini yeni dövrün başlanğıcı olaraq görsə də, təhlilçilər buna skeptik yanaşır və Anqola ilə Zimbabvenin yeni liderlərinin köhnə prezidentlər ilə onillər boyu yaxın əlaqələrinin olduğunu vurğulayır.

“Rejim dəyişməyib, davam edir. Yeganə fərq hakimiyyətin başındakı fiqurdur, amma onlar da keçmiş prezindetlərin silahdaşları və ya ən böyük tərəfdarlarıdır. Mən isə bunun böyük dəyişiklik olduğunu düşünmürəm. Ölkə başçısının dəyişməsi lazımi dəyişiklik deyil”, deyə Açıq Cəmiyyət Fondundan Ceqqan Qrey-Conson bildirir.

Rvanda, Lesoto və Keniyada bu il seçki keçirildi. Liberiyada prezident seçkisinin ilk raundu sakit keçsə də, hakimiyyətdən gedən prezident nizamsızlıq iddiaları ilə bağlı narahatlığını ifadə edib.

“Hazırda bizim demokratiyamız hücum altındadır. Bizim ölkəmizin nüfuzu hücum altınadır. Bizim iqtisadiyyatımız təzyiqlə üzləşir. Biz siyasətçilər olaraq daha yaxşı iş görməliyik,” deyə Liberiyanın prezidenti Ellen Conson Sörlif bildirir.

Keniyada səsvermə iki dəfə keçirildi, çünki məhkəmələr ilk səsvermədə bəzi qanun pozuntularının olduğunu bildirmişdi. Müxalifət isə ikinci səsverməni boykot etdi. Keniyada səsvermə ilə əlaqəli olaraq baş verən zorakılıq nəticəsində 68 nəfər öldü.

Konqo Demokratik Respublikasında isə səsvermə heç keçirilmədi. Onlar seçkini iki il təxirə salaraq, prezident Cozef Kabilanın hakimiyyət müddətini iki il uzatdı və beləcə böyük, minerallarla zəngin ölkədə qeyri-sabitliyin artmasına səbəb oldu. Konqolu təhlilçilər bu vəziyyətə pessimist yanaşır.

Keniya

“Konqonu sabitləşdirmək istəyiriksə, demokratik, qanuni seçkilər keçirməliyik. Amma son iki seçkidə, 2003 və 2011-ci ildə onlar lazımi institutlar yaradıb, mədəniyyət dəyişiklikləri etmədilər. Nəticədə Konqoda heç bir dəyişiklik baş vermədi, çünki hazırda üzləşdiyimiz kimi çətin zamanlar üçün heç bir hazırlıq görülmədi”, Cənubi Afrika Ehtiyatlarına Nəzarət təşkilatının direktoru Klod Kabemba deyir.

2018-də isə daha çox drama gözlənilir. Zimbabvedə ilk dəfə olaraq Muqabesiz seçki keçiriləcək.

2011-ci ildə müstəqilliyini əldə edəndən bəri quraqlıq və münaqişələr kimi çətinliklərlə üzləşən Cənubi Sudanda isə ilk dəfə olaraq ölkə rəhbərliyi uğrunda səsvermə baş tutacaq.